Tələbələrin sosial şəbəkələrdə bu gün nə qədər aktiv olduğunu nəzərə alsaq, müzakirələrin də çox qisminin orada getdiyini aydın şəkildə görə bilərik. Onların şikayəti isə eynidir - məntiqi təfəkkürə aid suallar həddindən artıq mürəkkəb olub. Təhsil üzrə ekspert Milli Elmlər Akademiyasının elmi işçisi Kamran Əsədov da tələbələrin şikayətlərində haqlı olduqlarını düşünür. Onun sözlərinə görə, martın 6-da keçirilən imtahanın sualları çox bərbad formada tərtib edilib: "Ya bizim məntiqimiz yoxdur, ya da TQDK özündən yeni məntiq kəşf edib. İmtahandakı suallara mən də baxmışam, həddindən artıq çətin suallar idi. Odur ki, 25 minə yaxın imtahan verənlərdən yalnız bir nəfər 96 bal yığıb. TQDK göstərmək istəyir ki, universitetlərdə dərs keçilmir, təhsil aşağı səviyyədədir. Dünyanın heç bir yerində bu cür imtahan keçirilmir. 4 il ərzində ingilis dilini oxuyan bir tələbə nə üçün əsas fənn kimi informatikadan imtahan verməlidir? TQDK gənclərə dəstək olmaqdansa, onların yolunu bağlayır".
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) magistratura üzrə aparıcı məsləhətçi Xanlar Xanlarzadə isə nə ekspertin fikri, nə də tələbələrin şikayətləri ilə razıdır. O deyir ki, builki imtahandakı suallar hər il tərtib olunan suallar kimidir. “İmtahandan əvvəl texniki tapşırıq hazırlanır və bu texniki tapşırığa əsasən istifadə olunacaq asan, orta və çətin suallar müəyyən olunur. Builki imtahana 24 mindən artıq ərizə verilib. Bizim üzərimizə düşən vəzifə ərizə verənlər arasında seçim aparmaqdır. Ona görə də imtahana çətin suallar da salırıq. Bu zaman daha çox bilən ilə daha az bilikli bakalavr seçilir. Kim daha biliklidirsə, daha çox suallara cavab verir".
Mənbə: ANS PRESS