Milli.Az APA-ya istinadən xəbər verir ki, xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır.
İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər.
Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Mənbə: Milli.Az