Milli.Az anspress-ə istinadən bildirir ki, macar nazirin açıqlamaları arasında diqqət çəkən fikirlərindən biri də "Azərbaycanda ödənişli yollar sisteminin inkişafında əməkdaşlıqla əlaqədardır". P.Siyarto bildirib ki, Macarıstan Azərbaycanla ödənişli yollar sisteminin inkişafında əməkdaşlıq etməkdə maraqlıdır.
Macar nazirin "Azərbaycanda ödənişli yolların inkişafı" barədə fikirlərini şərh edən hüquqşünas Ərşad Hüseynov bildirib ki, ölkəmizdə də belə yolların tikilməsi qanunla mümkündür: "Bu müddəa özünü hal-hazırda qüvvədə olan "Avtomobil yolları haqqında qanun"da da göstərir. Həmin qanunda aydın şəkildə yazılıb ki, ölkə ərazisində pullu yollar yalnız onların pulsuz alternativi olduğu halda çəkilə bilər. Məsələn, Bakı-Şamaxı yolu o vaxt ödənişli yol ola bilər ki, onun alternativi olsun. Seçim üçün başqa yollar olmasa, həmin yolları ödənişli etmək olmaz".Hüquqşünas deyir ki, dünyanın çox ölkələrində belə yollardan istifadə edilir: "Bunun üçün külli miqdarda investitsiya lazımdır. Pullu yolların tikilməsində məqsəd vətəndaşlara zaman qazandırmaqdır. Çünki pulsuz olan yollarda, məsələn, böyük tıxaclar olduğu zaman sürücülər vaxt cəhətdən qənaət etmək üçün belə yollardan istifadə edirlər. Ancaq burada iki şərt var: "Pulsuz yol da ödənişli yollar kimi təmirli olmalıdır, ödənişli yol pulsuzdan maksimum 10% qısa ola bilər. Məsələn, Bakıdan Şamaxıya ödənişli yol 100 km-dirsə, ödənişsiz yol 110 km ola bilər. Daha uzun məsafə olması mümkün deyil. Qanunda olan bu maddə sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Burada belə bir məqam da diqqətdən qaçmamalıdır ki, pullu yol varsa, ödənişsiz yol da nəzarət altında olmalıdır. Həmin yol da digəri kimi mütəmadi olaraq təmir edilməlidir".
"Pulsuz yollar da ödənişli yollar kimi təmirli olmalıdır, ödənişli yol digərindən maksimum 10% qısa ola bilər".
Ə. Hüseynov bu layihənin Azərbaycanda gərçəkləşməsinin uzun müddət mümkün olmaya biləcəyini deyir: "Hazırda ölkəmizdə avtomobilləşmə səviyyəsi və əhalinin maddi vəziyyəti onların bu yollardan istifadəsinə imkan vermir. Belə layihələr çox baha başa gəlir. Qoyulan investisiyanın geri qazanılması da uzun vaxt alır. Ona görə də düşünürəm ki, bu layihə uzun vaxt alacaq"
Mənbə: Milli.Az