Respublikada fəaliyyət göstərən məşhur supermarketlər şəbəkələrinin çoxu alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən filiallarını bağlayırlar. ANS PRESS-in məlumatına görə, dekabrın 21-dən manatın üzən məzənnəyə keçməsi mağazalarda bəzi məhsulların bahalaşmasına, bəzi obyektlərin isə bağlanmasına səbəb olub.
Bu vəziyyət özünü daha çox Bakıda fəaliyyət göstərən və ərzaq satışı ilə məşğul olan iri marketlərdə göstərir. Belə ki, məşhur mağazalar şəbəkələrindən aldığımız məlumata görə, onların satışlarının həcmi 3-4 ay bundan əvvəlki ilə müqayisədə xeyli azalıb.“Əvvəllər kassanın önündə saatlarla növbə olardı, amma indi belə hallara ancaq bayram günləri rast gəlmək olar, amma yenə də əvvəlki kimi deyil. Alıcılarımız xeyli azalıb. Bu da insanların maddi durumu ilə bağlıdır”, - deyə paytaxtda yerləşən supermarketlərdən birinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirdi.Əlaqə saxladığımız digər marketlərin işçilərindən də eyni cavabı aldıq. Paytaxt sakini Xuraman Heybətovanın sözlərinə görə, marketlərdə satılan malların qiyməti devalvasiyadan sonra 2-3 dəfə artıb: “Mən dollar qalxmazdan əvvəl tez-tez marketlərdən alış-veriş edirdim. İndi isə ancaq yarmarka vaxtını gözləyirəm. Çünki dollar qalxan kimi marketlərdə qiymətləri elə qaldırdılar ki, ora girmək mümkün deyil. Səbəbini də soruşanda deyirlər, mallar xaricdən dollarla gəlir, ona görə qaldırmağa məcburuq”.Həqiqətən də paytaxtda fəaliyyət göstərən iri supermarketlərdə qiymətlərdə artım var. Məsələn, əvvəl 1 manata satılan xama indi 1 manat 85 qəpiyədir. Kənd təsərrüfatı məhsullarının qiymətləri yarmarkalarda satılan eyni məhsulların qiymətlərindən 2-3 dəfə yüksəkdir.Hətta bəzi iri supermarketlər alıcılara əlavə güzəştlər təklif etmək əvəzinə qiyməti ucuz olan məhsulları tək-tək satmaqdan imtina edirlər. Bu da alıcıların həmin mağazalardan alış-veriş etməkdən imtina etməsinə gətirib çıxarır.
Mənbə: ANS PRESS