Qadin.NET / İlham Əliyev Gürcüstana traktor bağışladı

İlham Əliyev Gürcüstana traktor bağışladı

 

İlham Əliyev Gürcüstana traktor bağışladı

Azərbaycan prezidenti İlham Əliyevdən Gürcüstana hədiyyə. Dövlət başçısının Kvemo Kartli əhalisinin istifadəsinə verdiyi yeni kənd təsərrüfatı texnikası ötən gün təqdim edilib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə,  Gürcüstana səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub. O, qubernator Paata Xizanaşvili ilə görüş keçirib. Şirkət rəhbəri ötən ilin noyabrında İlham Əliyevin Gürcüstana səfəri zamanı bölgə əhalisi ilə görüşdə kənd təsərrüfatının inkişafı və daha da genişləndirilməsi üçün bütün köməkliklər göstəriləcəyi haqda fikirlərini xatırladıb. Nazir texnikanın artıq təqdim edildiyini qeyd edib. 

 

SOCAR prezidenti Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası administrasiyasına təqdim edib. Görüşdə SOCAR və Kvemo Kartli qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu da imzalanıb. Daha sonra Rövnəq Abdullayev şirkət rəhbərliyi təmsilçilərinin, Gürcüstanın elm və təhsil naziri Tamar Sanikidzenin, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvilinin, Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının, habelə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin iştirakı ilə Marneuli rayonunun Ləjbəddin kəndində orta məktəbin əsaslı təmirdən sonra  açılışını həyata keçirib. Məktəbdə təmir işləri SOCAR-ın Gürcüstan nümayəndəliyinin həyata keçirdiyi xeyriyyə layihəsi çərçivəsində reallaşdırılıb. Əsaslı təmir işlərinə 2015-ci ilin iyun ayında başlanmış, dərs ilinin əvvəlinə - sentyabr ayına sona çatdırılıb. Əlavə edək ki, ötən gün Gürcüstanın energetika naziri Kaxa Kaladze və SOCAR-ın prezidenti Rövnəq Abdullayev arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair 4 saziş imzalanıb. Bundan başqa SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı kommersiya qazının qiymətini aşağı salır. Qiymət 1000 kub metrə görə 35-40 dollar salına bilər. Bundan başqa SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini də aşağı salacaq.

Mənbə: ANS PRESS

5 mart 2016
GO BACK