Azərbaycan Ermənistan silahlı qüvvələrinin hərbi nəqliyyat vasitələri və canlı qüvvəsini məhv edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər.
Atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulmasının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq. Düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcək.
Martın 3-dən 4-nə keçən gecə də cəbhədə erməni təxribatının qarşısı alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.
Mənbə: ANS PRESS