Qadin.NET / Türkiyədə azərbaycanlı aktrisaya vəzifə verildi

Türkiyədə azərbaycanlı aktrisaya vəzifə verildi

Türkiyədə azərbaycanlı aktrisaya vəzifə verildi
"Bu vəzifə mənə həvalə edildiyi üçün çox-çox xoşbəxtəm". Bu sözləri ANS PRESS-ə açıqlamasında Türkiyədə İstanbulda şəhər teatrlarının bədii rəhbərinin müavini vəzifəsinə təyin edilən Məlahət Abbasova deyib. Öz təəssüratlarını ANS PRESS-lə bölüşən aktrisa bu barədə söz-söhbətin  2-3 aydır ki, davam etdiyini deyib.

"Bunu həm gözləyirdim, həm də inanmırdım. Ötən həftənin sonu müavin vəzifəsinə məni təyin edəndə şok oldum. Mən çox xoşbəxtəm. Görünür, İstanbul bələdiyyəsi, bələdiyyənin mədəniyyət idarəsinin rəisi, İstanbul şəhər teatrlarının müdiri və Şəhər teatrlarının bədii rəhbəri bir toplantı keçiriblər.  Orada mənim bu günədək gördüyüm işlər nəzərdən keçirilib və bu vəzifəni mənə həvalə edilib".

25 ildir "Şəhər" teatrında fəaliyyət göstərən Məlahət Abbasova ötən il Elçin Əfəndiyevin "Şeykspir" tamaşasını səhnəyə qoyaraq teatra 10 mükafat qazandırdığını vurğulayıb. Bundan başqa, xanım Abbasovaya 2015-ci ildə "ilin ən yaxşı rejissoru" adı verilib. 

Türkiyədə azərbaycanlı aktrisaya vəzifə verildi
"Mən iki ölkə arasında mədəniyyət sahəsində çox işlər görürəm, Azərbaycan əsərlərini tərcümə edib səhnəyə qoyuram. Yəqin, ona görə mənə bu cür məsuliyyətli iş tapşırıblar", - deyə azərbaycanlı sənətkar sevincini bölüşüb. Məlahət Abbasova eyni zamanda gələcək planlarından da danışıb. O, iki ölkə arasında daha sıx münasibət yaratmaq üçün həm də türkiyəli aktyorları Azərbaycanda, azərbaycanlı aktyorları isə Türkiyədə tanıtmaq üçün ortaq tamaşalar hazırlayacağını söyləyib. Onun sözlərinə görə, artıq bu barədə Türkiyə Mədəniyyət Nazirliyi ilə danışıqlar aparılıb və müsbət cavab alınıb. Aktrisa bu yaxınlarda Azərbaycana gələrək burada da mədəniyyət sahəsi ilə məşğul olan şəxslərlə danışıqlara başlayacaq. "Əgər Azərbaycan tərəfdən də müsbət cavab olarsa, onda hər iki ölkənin səhnə adamları ilə əsər hazırlanacaq". Məlahət Abbasova - 1969-cu ildə Azərbaycanda anadan olub. Sənətinə burada başlasa da ailə qurduqdan sonra Türkiyəyə köçüb və orada yaşayır. 25 ildən çox teatrda fəaliyyət göstərən aktrisa, eyni zamanda bir çox serial və kinolara da çəkilib.

Mənbə: ANS PRESS

4 mart 2016
GO BACK