8 mart – Beynəlxalq qadınlar günü yaxınlaşdıqca, hər il olduğu kimi, bu il də məktəblərdə şagirdlərdən pul yığılması məsələsi gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, paytaxtın Xətai rayonunda yerləşən 264 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri adıçəkilən təhsil ocağında ibtidai siniflərdən 20, yuxarı siniflərdən isə 30 manat yığıldığını deyirlər.“Məktəbin bütün siniflərində müəllimlər üçün pul yığılır. Özü də məcburən. Mənim həmin məktəbdə 3 övladım təhsil alır, indi mən 90 manatı haradan verim? Verməyəndə də müəllimlər uşaqla üz-göz olur. Uşağın da pul verməyən ana, ata ilə münasibətləri korlanır. Sonra da deyirlər, şagird intihar etdi”, - deyə valideynlərdən biri bildirdi.
Xətai rayonu 264 nömrəli məktəbin direktoru isə təhsil ocağında belə bir halın yaşanmadığını söyləyir: “Mən müəllimlərlə iclas keçirmişəm. Hər kəsə də tapşırıq vermişəm ki, heç kimdən bir manat belə alınmasın. Əgər kimsə pul istəyibsə, mən bunu araşdıraram və həmin müəlliməyə qarşı tədbir görərəm”, - deyə məktəb direktoru qeyd edib.Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyevanın sözlərinə görə, ümumtəhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. O bildirdi ki, hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcək. Həmin tədbirlərə töhmətdən tutmuş işdən azad olunmaya qədər bütün cəzalar aiddir.
Mənbə: ANS PRESS