Normativlərə görə, ən bahalı - bişmiş kolbasanın tərkibi tamamilə ətdən ibarət olmalıdır. Birinci sort kolbasanın tərkibində ətin miqdarı 70%-dən az olmamalıdır.
İkinci növ kolbasada isə ət 60%, digər inqridientlər 40% olmalıdır. Sümüksüz ətin kiloqramının 10 manat olduğunu nəzərə alsaq, belə çıxır ki, kolbasanın hər kilosuna təkcə 6 manatlıq ət işlənir. Kolbasanın tərkibinə daxil olan digər maddələri də bir manatdan hesablasaq, hazırlanma, daşınma xərcləri və sair də daxil ikinci növ kolbasanın kiloqramı minimum 8 manat olmalıdır. Amma mağazalarda minimum qiymət heç də belə deyil. Kolbasa ilə bağlı insanları ən çox düşündürən suallardan biri də budur ki, ölkəmizdə, həqiqətən də, Rusiya istehsalı olan kolbasalar satılırmı?
Hazırda mağazalarda Rusiya istehsalı kimi satılan kolbasaların əksəriyyətinin, əslində, yerli sexlərin məhsulu olduğu iddia olunur. Dövlət Statistika Komitəsi bildirib ki, ötən il ərzində Rusiyadan Azərbaycana 399,1 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal olunub. 2015-ci il ərzində ölkədəki kolbasa istehsalı isə 4970,2 ton olub.
Mütəxəssislər deyir ki, məhsulun hansı ölkəyə aid olduğunu onun üzərindəki ştrix-kodun ilk 3 rəqəmi ilə müəyyən etmək olar. Hər ölkənin də özünəməxsus ştrix-kodu var.
Məsələn, Rusiya istehsalı olan məhsulların üzərində 460-469 arası rəqəmlər qeyd olunur.Virtualaz.org-un araşdırmasına görə, Rusiya istehsalı adı ilə satılan kolbasaların çoxunun üzərində heç istehsal olunduğu ölkəyə aid ştrix-kod da yoxdur. Mağazalarda ən çox "Tsaritsıno" , "Çerkizovskiy" və "Rublyovski" kolbasalarının müxtəlif növlərinə rast gəlinir. Bu kolbasaların, həqiqətən, Rusiyadan idxal olunduğuna şübhə yaradan bir məqam da odur ki, həmin brendlərin nişanı ilə Azərbaycanda hazırlandığının aşkarlanmasıdır.
Belə ki, bir neçə il əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Abşeron-2000″ firmasının bu işlə məşğul olduğunu ortaya çıxarıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da təsdiqləyir ki, hər hansı məhsul xarici ölkə ştrix-kodu ilə Azərbaycanda istehsal olunub satıla bilər. O bildirib ki, əgər sahibkar kolbasa istehsal edən şirkətin brendindən istifadə edirsə, onların arasında müqavilə bağlanmalıdır: "Əgər müqavilə bağlanıbsa, həmin brenddən istifadə edə, onların standartlarına uyğun məhsul istehsal edə bilərlər. Elə şirkətlər var ki, məsələn, "Coca-Cola", "Pepsi" və s. dünyanın bütün ölkələrində istehsal olunur. Onlar xammalın bir hissəsini ölkələr daxilində əldə edirlər. Məsələn, Moskvada istehsal olunan məhsulun xammalını gedib oradan gətirmək lazım deyil. Amma müqavilə yoxdursa, bu, artıq saxta hesab olunur".
Göründüyü kimi, xarici ölkə barkodunu asanlıqla istifadə edərək yerli kolbasanı Rusiya istehsalı kimi satmaq mümkündür.
Milli.Az bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, məhsulun üzərindəki ştrix-kodun onun keyfiyyətinə heç bir aidiyyəti yoxdur: "Keçən ilin sonunda Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Komitəsində istehlakçılar üçün məlumat standartları qəbul olundu. Həmin qaydalara görə, məhsulun üzərində mütləq və mütləq onun istehsal olunduğu ölkənin adı, həmin ölkəyə məxsus ştrix-kod yazılmalıdır. Əks halda istehsalçılar məsuliyyətə cəlb oluna bilər. Buna baxmayaraq ştrix kod məhsulun keyfiyyətinə zəmanət deyil. Bu, sadəcə, malın satışı üçün lazımdır".
Ekspert onu əlavə edib ki, məhsulların üzərindəki ştrix-kodlar hətta saxtalaşdırıla da bilərlər: "Azərbaycanda da saxtalaşdırılmış ştrix-kodlar var. Hətta bir neçə il əvvəl ölkədə satılan xardalın üzərinə ştrix-kod yerinə telefon nömrəsi yazılmışdı. Ölkədə ştrix-kod verilməsi ilə məşğul olan idarə var, onunla şirkət arasında müqavilə bağlanır, müqavilə vaxtı bitdikdən sonra belə bəzi şirkətlər ştrix-koddan istifadə etməyə davam edir".
E.Hüseynov hesab edir ki, Azərbaycana Rusiyadan, ümumiyyətlə, kolbasa idxal edilməməsi ilə bağlı fikirlər yanlışdır. Qanunvericiliyə görə, xaricdən gətirilən məhsulun üzərində Azərbaycan dilində məlumat olmalıdır. Yəni məhsulun üzərində Azərbaycan dilində məlumatın olması onun Azərbaycanda istehsal olunduğunu göstərmir. Mütəxəssislərin də fikirlərindən belə nəticəyə gəlmək olur ki, istehlakçının aldığı kolbasanın keyfiyyətinə yüz faiz əmin olmağı qəliz məsələdir. Belə ki, alıcı satın aldığı kolbasanın üzərində xarici ölkə ştrix-kodunu görsə belə, onun keyfiyyətinə, həqiqətən, həmin ölkədən idxal olunduğuna əmin ola bilməz. Eləcə də üzərində Azərbaycan dilində yazının olması onun yerli istehsal və ya keyfiyyətsiz məhsul olması demək deyil.
Mənbə: Milli.Az