Rusiya baş nazirinin müavini, hərbi sənayeyə cavabdeh olan Dmitri Roqozinin Bakı səfəri Rusiya mətbuatının və hərbi ekspertlərin diqqətini cəlb edib. ANS PRESS-in məlumatına görə, Rusiya KİV-i bu səfərə geniş yer ayırıb.
"Kommersant" qəzeti yazır ki, Roqozinin Bakıya səfərinin əsas məqsədi guya Azərbaycanın 2011-ci ildə bağlanmış müqavilələr əsasında sifariş verdiyi silahların bir qisminin pulunu ödəyə bilmədiyinə görə Bakıyla borc danışıqları aparmaq məqsədi daşıyır. Amma rəsmi açıqlamada hərbi-texniki əməkdaşlıq barədə müzakirələrin aparıldığı haqda heç nə deyilməsə də ekspertlər şübhə etmir ki, bu məsələ də müzakirə olunub. Qeyd olunur ki, ola bilər ki, Azərbaycan Rusiyadan yeni hücum silahları almağa hazırlaşır.
Tərəflərin hərbi-texniki əməkdaşlıq barədə müzakirələr apardığını Roqozinin “Tvitter”dəki qeydi təsdiq edir: "Bakıda səfərin əsas nəticəsi belədir: tərəflər belə həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiq etdilər".Roqozinin Bakı səfərini təhlil edən "Ruskaya planeta" portalı yazır ki, 2010 - 2014 il dövründə Rusiya və Azərbaycan 4 milyard dollar məbləğində bir neçə böyük razılaşma bağlayıb. Bakı silahların geniş spektrini almağa qərar verib: zenit-raket kompleksləri (S-300PMU-2, "Tor-2ME"), özüyeriyən artilleriya quraşdırmaları ("Msta-S"), ağır oqnemyot sistemləri ("TOS-1A"), yaylım atəşinin ("Smerç") reaktiv sistemləri, tanklar (T-90S), zirehli avtomobillər və təxminən yüzə yaxın döyüş və nəqliyyat vertolyotu.
Portal qeyd edir ki, Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər. Portal Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən 13 dəfə artıq olduğunu qeyd edır. Ermənistanın bərbad gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyəti səviyyəsini aşağı salır.
Mənbə: ANS PRESS