Amerika Birləşmiş Ştatlarının (ABŞ) İraqın paytaxtı Bağdad şəhərindəki səfirliyi çökmə təhlükəsi səbəbindən Mosul su anbarındakı suyun boşaldılması üçün xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, bu məqsədlə səfirlik bəyanat yayıb.Bəyanatda, çökmə təhlükəsi səbəbindən anbarda olan suyun boşaldılması, Dəclə çayı hövzəsində yaşayan 1.5 milyona yaxın insanın təhlükəsizliyinin təmin olunması tələb olunub. Həmçinin bəyanatda, su anbarında yaranacaq kiçik bir çatlağın da böyük faciələrə səbəb ola biləcəyi vurğulanıb. “Əgər su anbarında çatlaq meydana gələrsə və təhlükəsiz bölgələrə təxliyyə edilməsə Dəclə çayı hövzəsində yaşayan 500 min ilə 1.47 milyon insanın həyatını xilas etmək mümkün olmaz.” – deyə bəyanatda qeyd edilib. Bundan əvvəl isə İraq hökuməti Mosul su anbarının çökmə təhlükəsinə qarşı Mosul və Səlahəddin şəhərlərinin sakinlərinə daha yüksək yerlərə köçmələri üçün xəbərdarlıq etmişdi.“Gözlənilən sel fəlakətinə qarşı Mosul xalqına Dəclə çayından ən azı 6 km məsafəyə, Tikrit (Səlahəddin şəhər mərkəzi) sakinlərinə də çayın ən azı 5 km məsafəyə köçmələrini təklif edirik.” – deyə İraq baş nazirliyi adiminstrasiyasının bəyanatında bildirilib.
Mənbə: ANS PRESS