Milli.Az "Azadlıq"a istinadən bildirir ki, gələn ilin əvvəlində Azərbaycanda ilk müstəqil Islam bankı açıla bilər. Azərbaycan, Qazaxıstan və Tacikistan şəriət qaydaları əsasında bank yaratmaq istəyən Mərkəzi Asiya ölkələri sirasındadır və onlara mərkəzi ofisi Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən Islam Inkişaf Bankı dəstək verir.
Milli.Az faktxeber.com-a istinadən bildirir ki, Azərbaycan Beynəlxalq Bankı nəzdində fəaliyyət göstərən və ötən ilin oktyabrında fəaliyyəti dayandırılan Islam bankçılığı Departamentinin keçmiş rəhbəri və yeni layihə ilə bağlı yaradılan işçi qrupunun üzvü Behnam Qurbanzadə deyib ki, hazırda hökumət Islam Inkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyir: "Bankın adı qarşıdakı iki ay ərzində açıqlanacaq. Bu gün bazarda uzunmüddətli maliyyələşməyə ehtiyac var və bu, kredit və borcdan fərqli olaraq investisiya və əməkdaşlığa əsaslanmalıdır".
Qeyd edək ki, hazırkı iqtisadi böhran vəziyyətində ölkə vətəndaşlarının banklara inamı qalmayıb. Bankların tənəzzül etməsi, onların bəzilərinin ləğv edilməsi və birləşdirilməsi əmanətləri batan əhalinin narahatlığını hər gün artırır. Belə bir vəziyyətdə, manat əmanətlərinin tempinin getdikcə azaldığı dönəmdə hökumət şəriət banklarının yaradılmasına rəvac verir. Tanınmış iqtisadçı Oqtay Haqverdiyev dünya ölkələrindəki islam banklarının yaxşı şərtlərlə fəaliyyət göstərdiyini söyləyir. Ekspert müsəlman aləmində faiz məsələsinin olmamasını əsas göstərərək bankların fəaliyyətini belə xarakterizə edir: "Onlar krediti faizsiz verirlər və vəsaitin hara xərclənəcəyini öncədən aydınlaşdıraraq məsələni nəzarətdə saxlayırlar. Həmçinin, misal üçün, krediti tikinti üçün verirsə, orada öz şirkətinin də iştirakını təklif edir. Bununla da tenderdə iştirak edən şirkət həm qalib gəlir, həm də gəlirlər olanda bank onun müəyyən hisssəsini özünə götürür. Yəni uzun yolla bank yenə də irəli gedərək heç nə itirmir. Onlarda şərt belədir. Londonda, Nyu-yorkda və digər yerlərdə Islam bankı fəaliyyət göstərir. Bizdə də islam bankları yaratmaq istəyirlərsə, bunu müsbət qarşılamaq lazımdır. Artıq banklar kreditin hara gedib çatmasından əvvəlcədən xəbərdar olurlar və onun nəzarəti də başqa cür olacaq. Faizsiz kredit verilirsə, pulların doğrudan da təyinatı üzrə xərclənməsi diqqətdə saxlanır".
Mənbə: Milli.Az