Qadin.NET / Hay-küyü çox, faydası yox

Hay-küyü çox, faydası yox

Hay-küyü çox, faydası yox
Rusiya ilə Türkiyə arasında qarşıdurma getdikcə qızışır. Hər iki tərəfin demarşları göstərir ki, onlar arasında silahlı münaqişənin başlanması belə, istisna deyil. Moskva-Ankara münasibətlərində gərginliyin artmasına təsir göstərən amillər sırasında Rusiyanın müəyyən siyasi dairələrinin iki ölkə arasında 1921-ci il martın 16-da imzalanmış dostluq və qardaşlıq sazişinin pozula biləcəyinə dair fikirləri də göstərmək olar.

Ankaranın Rusiya Hərbi-Kosmik Qüvvələrinin (HKQ) Türkiyənin hava sərhədini pozduğuna dair yeni ittihamları münasibətlərdə gərginliyin davam etdiyini göstərir. Bu da son deyil. Hadisələrin dinc axarda davam etməsi perspektivinə ümidləri azaldan daha bir məqam var: Türkiyə Silahlı Qüvvələri tam hərbi hazırlıq vəziyyətinə gətirilib və ona komandanlığın əmri olmadan belə, atəş açmaq hüququ verilib. Beləliklə, Rusiyaya məxsus "Su-24" bombardmançısının vurulmasından sonra, faktiki olaraq ikitərəfli dialoqu dayandırmış Moskva ilə Ankara arasında münasibətlər son dərəcə təhlükəli həddə yaxınlaşır. İndi onların keçmişdə qalmış dostluq münasibətlərini bərpa edə biləcəkləri mümkünsüz görünür.
Rusiya-Türkiyə dialoqunun pozulmasının əsas səbəblərindən biri Suriyadır. Suriyanın hökumət qüvvələri Rusiya HKQ-nin dəstəyi ilə Türkiyə sərhədinə doğru hərəkət edir, ölkənin şimal ərazilərini öz nəzarətinə qaytarır. Moskvanı suriyalıların kütləvi qətliamında günahlandıran rəsmi Ankara isə Rusiyanın hərbi əməliyyatlarında əsas hədəfin "İslam Dövləti" (İD) yox, Suriya müxalifəti olduğunu bildirir. Moskva bu ittihamları rədd edir, öz növbəsində, dünya birliyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "İD" ilə neft sahəsində əməkdaşlıq etdiyinə inandırmağa çalışır.
Bununla yanaşı, Rusiya Türkiyədən vurulmuş bombardmançıya görə üzr istəməsini, insidentin günahkarlarının cəzalandırılmasını, Rusiya tərəfinə dəymiş zərərin kompensasiya olunmasını tələb edir. Rusların Suriyada hərbi əməliyyatlar apardığı şəraitdə Ankaranın bu tələbləri qəbul edəcəyisə real görünmür. Demək, yaxın keçmişin strateji tərəfdaşları arasında qarşıdurma davam edəcək. Rusiyanın, təxminən, 95 il əvvəl imzalanmış Dostluq və Qardaşlıq Haqqında Moskva Müqaviləsinin ləğvinə dair məsələ qaldırması da bunu təsdiqləyir. Xatırladaq ki, söhbət RSFSR hökuməti ilə Türkiyənin Böyük Millət Məclisi arasında imzalanmış müqavilədən gedir. Bu təşəbbüslə Rusiya Dövlət Dumasının kommunist fraksiyasından olan deputatları Valeri Raşkin və Sergey Obuxov çıxış ediblər. Onlar ölkə başçısı Vladimir Putinə və Xarici İşlər naziri Sergey Lavrova müvafiq müraciət ünvanlayıblar.
Moskva müqaviləsi 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi kimi, Türkiyə ilə sovet respublikaları olan Azərbaycan, Ermənistan və Gürcüstan arasındakı sərhədləri müəyyənləşdirib. Moskva müqaviləsinə əsasən, Azərbaycanın əzəli torpağı olan Naxçıvana Azərbaycan SSR-in tərkibində muxtariyyət statusu verilib. Sovet Rusiyasının iştirakı ilə Mustafa Kamal hökuməti (sonradan Türkiyə Cümhuriyyətinin qurucusu olmuş Atatürk) ilə Zaqafqaziya respublikaları arasında imzalanmış Moskva və Qars müqavilələri Cənubi Qafqazda dövlətlərarası sərhədlərin hüquqi təsdiqidir. Odur ki, rusiyalı deputatların təşəbbüsü ilə Moskva müqaviləsinin mümkün ləğvi onsuz da yaxşı olmayan, regionda davam etməkdə olan ərazi münaqişələri üzündən ciddi təhlükə ilə üz-üzə qalmış regional düzəni pozardı.
Azərbaycan ərazisinin beşdəbirini işğal etmiş, Türkiyəyə ərazi iddiaları irəli sürən Ermənistanın Moskva müqaviləsinin ləğvi ilə bağlı təşəbbüsün gedişini son dərəcə diqqətlə izləməsi heç də təsadüf deyil. Erməni siyasətçiləri və ekspertləri arasında Rusiya Dövlət Duması deputatlarının antitürk gedişindən ruhlananlar da az deyil. Onlar hesab edirlər ki, indi Ankaradan Türkiyənin şərq vilayətlərinin Ermənistana verilməsi də tələb olunmalıdır. Moskva və Qars müqavilələrinin ləğvi onlar üçün çox yerinə düşər. Çünki Qars vilayətinin və Ağrıdağla birlikdə Sürməli qəzasının Türkiyəyə mənsubluğu məhz bu sənədlərlə təsdiqini tapıb.
Ermənilərin Naxçıvanla bağlı iddiaları üzərində ayrıca dayanmaq lazımdır. Bəzi erməni strateqləri, az qala, onun Moskva müqaviləsinin mümkün ləğvi ilə bağlı səs-küyün fonunda Rusiyanın əli ilə Azərbaycandan qoparıla biləcəyindən danışırlar. Bəzi rusiyalı siyasətçilər isə onların bu cür cəsarət nümayiş etdirmələrinə şərait yaradır; məsələn, Dövlət Dumasının "Ədalətli Rusiya" fraksiyasından olan deputatı Oleq Paxolkov nəinki həmkarlarının Moskva müqaviləsinin ləğvi təşəbbüsünü dəstəkləyib, üstəlik, "Qarabağın Ermənistana qaytarılmalı olduğunu" bəyan edib. "Dostluq və qardaşlıq müqaviləsinin ləğvinin gündəmə gəlməsi normaldır. Bu məsələdə Ermənistan da bizi dəstəkləyir", - deyə o, qeyd edib.
Bununla yanaşı, tam aydındır ki, Rusiyanın müqavilədən çıxması Qafqazdakı sərhədlərin de-fakto və de-yure dəyişəcəyi demək deyil. Bunu ruslar da yaxşı anlayırlar. Ermənilərin Türkiyədən onun əzəli torpaqları olan şərq vilayətlərini, Azərbaycandan isə azərbaycanlıların tarixi torpaqları olan Qarabağ və Naxçıvanı ala bilməyəcəyi isə tam aydın məsələdir. Üstəlik, Moskva Müqaviləsinin ləğvi təşəbbüsünün müəlliflərini də Ermənistanın maraqları və iddiaları maraqlandırmır. Onların yeganə istəyi Rusiya-Türkiyə qarşıdurması fonunda Ankaraya daha bir təzyiq vasitəsinə əl atmaqdır. "Biz Moskva müqaviləsinin ləğvi ilə bağlı təkliflə Türkiyə rəhbərliyinə, Prezident Ərdoğana Rusiyanı "ikincidərəcəli" dövlət saymağın yanlış olduğunu çatdırmaq istəyirik", - deyə Raşkin açıq şəkildə etiraf edib.
Ermənilərə ürəyi yanan Oleq Paxolkov belə, Moskva müqaviləsinin mümkün ləğvinin əsl motivlərini yaxşı bilir: "Rusiya Türkiyə ilə müharibə etmək fikrində deyil. Ümumiyyətlə, açıq danışsaq, zərbə Ərdoğana ünvanlanıb".
Paxolkov müqavilənin ləğv ediləcəyi təqdirdə belə, sərhədlərin dəyişməsinin mümkün olmadığını anlayır. "Əlbəttə ki, Moskva və Qars müqavilələrinin ləğvinin aşkar siyasi-hüquqi nəticələri olmayacaq", - deyə o bildirib: "Bildiyimə görə, Gürcüstan və Ermənistan bu razılaşmaları ləğv edib. Məgər onlar yeni ərazilər əldə ediblər? Bütün dövlətlər bu gün mövcud olan sərhədləri çərçivəsində qalacaqlar".
Nəhayət, Rusiya rəhbərliyi Türkiyə ilə münaqişənin Azərbaycanla münasibətlərə mənfi təsirinin yolverilməz olduğunu yaxşı anlayır. "Rusiya Bakı ilə münasibətlərini korlayacaq heç bir addım atmayacaq", - deyə Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Moskva Bakı ilə münasibətləri inkişaf etdirir və bütün diqqəti yalnız bu münasibətləri yaxşılaşdıracaq məqamlara yönəldəcək.
Bu məsələ barədə Valeri Raşkin daha ətraflı danışıb: "Moskva müqaviləsinin ləğvi Azərbaycanla münasibətlərimizə mənfi təsir göstərə bilməz. Bizim aramızda dost, qardaş, mehriban qonşuluq münasibətləri var. Bu əlaqələr qədim tarixə malikdir. Hazırda hər iki ölkənin siyasi rəhbərliyi bu münasibətləri qoruyub-saxlamaq üçün böyük işlər görür. Odur ki, bu addım atılarsa belə, Azərbaycana zərər verilməsindən söhbət gedə bilməz". Onun sözlərinə görə, Moskva Müqaviləsi ləğv olunacağı təqdirdə, "Azərbaycanın bütün tələblərinə qarşılıqlı səmərə əsasında əməl ediləcək".
Hətta Ermənistanda belə, bəzi ekspertlər Moskva müqaviləsinin ləğvinin və ümumilikdə, Rusiya-Türkiyə münaqişəsinin ermənilərə heç bir fayda verməyəcəyini anlayırlar; məsələn: Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan deyir: "Rusiyalı deputatların Moskva müqaviləsinin ləğvi ilə bağlı bəyanatları Türkiyə ilə Rusiya arasında gedən təbliğat müharibəsinin bir hissəsidir. Bunun Ermənistan üçün hansısa nəticələr verəcəyini düşünmürəm".
Ermənilərin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ruben Meqrabyan isə məsələyə bu cür münasibət bildirib: "Rusiya Türkiyəyə "yerini göstərməyə" çalışır. Bu gün Rusiya Dövlət Dumasında irəli sürülmüş təşklifin aydın motivləri var və onların Ermənistanın maraqları ilə heç bir əlaqəsi yoxdur. Rusiyanın bu cür təşəbbüsləri erməni tərəfinin qayğısına qalınması kimi təqdim etməyə çalışır. Halbuki, 2015-ci ilin noyabrınadək müqavilənin ləğvi məsələsini heç kəs gündəmə gətirmirdi. Real siyasi baxımdan, müqavilənin ləğv edilib-edilməyəcəyi heç nəyi dəyişməyəcək".
Beləliklə, Moskva-Ankara münasibətlərinin getdikcə pisləşməsi onlara yaxın regionlarda vəziyyətə yalnız mənfi təsir göstərir. O cümlədən, Rusiya-Türkiyə mehriban qonşuluğu kimi sabitlik faktorundan məhrum olan Cənubi Qafqaza da. Lakin Moska-Ankara qarşıdurmasının dərinləşməsindən ən çox ziyan görən, qlobal siyasətin nəhəng aktyorlarının qurbanına çevrilmiş Suriya olacaq.

Mənbə: Milli.Az

29 fevral 2016
GO BACK