Bu səfər yuxuma gəldi Xocalı. Onu bir qoca qadın simasında ağlayan gördüm. Başına qara bağdan hörülmüş qara yaylıq salmışdı Xocalı. Mən ona ağlama, niyə ağlayırsan deyib kimliyini soruşdum. Cavabı bu oldu ki, uzun illərdir elindən obasından ayrı düşən, əziz vətəninə qara bağlar, yaşıl düzlər, hündür dağlar arxasından həsrətlə boylanan qəribəm. Düşmən taptağında əsirliyə məhkum olan biriyəm. Siz məni tanımazsınız.
Siz məndən sonra, aya qalxdınız, günə çıxdınız, yerə girdiniz, məndən başqa çox şeylər əldə etdiniz, lakin məni geri qaytara bilmədiniz dedi Xocalı. Sizlər hər gün inkişaf edib gözəlləşərkən, üzümə gözümə təpiklər vurdu düşmən. Üzümün qarasından, bədənimin təpik yarasından tanınmaz hala gəldim. Siz məni daha bəyənməzsiniz. Ona görə ki, sizlər cavanlaşıb yüksəklərə qalxarkən, mən isə, taqətdən düşüb alçaqlara endim. Düşmən rəftarları məni qocaldıb üzümə qırışlar saldı. Görmək istəmirəm sizləri, zatən görən gözlərim həsrətdən kor olub. Mən vaxtından tez əsirlikdə qocalan bir kəs, siz isə yeni Azərbaycan olmusunuz söylədi Xocalı.
Başınız elə qarışıqdır ki, məni yad etmək bəlkədə, sizlərin vaxtını alır. Bilirəm ardı sırası kəsilməyən müşkülləriniz başınızı yaman qatıb. Odur ki,elə, siz mənsiz yaşayın mən də sizsiz yaşamağa alışmışam artıq. Mənim qara talehim bu olsa da barışmalıyam. Xocalıdan, axı niyə belə sərt danışırsan soruşduqda, Mən sizdən ayrı düşərkən necə idimsə eləyəm. Ata-babalarınız da belə olmuşdur. Əslində dəyişən sizlərin rəftarınız, xasiyyətiniz, vətənə olan münasibətinizdir. Məndən sonra yaman incəldiniz, yumuşaldınız. Mən elə həmin Xocalıyam, siz isə yeni simada yeni Azərbaycan vətəndaşı. Nəisə, çox qalsam mənim də, rəftarım dəyişər deyib, birdən göz yaşlarını silən Xocalı yuxumdan getmək istədiyini söylədi. Razı olmadım amma getməkdə israr etdi.
Ona,bir daha nə zaman görəc'yəm səni soruşduğumda, mənə, gözəl və şirin yuxular arzulayıb, gözdən itdi Xocalı. Mən isə ağlayaraq onun arxasıyca qaçıb onu eeyy Xocalı səslərkən, hündür bir yerdən gözəl bir səs Allahu əkbər deyib məni yuxumdan ayıltdı...!!!
İlahiyyatçı alim Ramin Əkbərli