"İnsanlar dağları fəth etdikdə iki yol qarşısında qalırlar. Ya ümumiyyətlə bundan zövq almır və bir daha dağa çıxmırlar, ya da o qədər bəyənirlər ki, yaranan ilk fürsətdə yenidən geri getmək istəyirlər. Məndə ikinci variantdır", - İsrafil Aşurlu.
İsrafil Əli oğlu Aşurlu - alpinist, "Insol Telecom" telekommunikasiya şirkətinin təsisçisidir.2007-ci ildə Everest (8848 m), 2011-ci ildə isə Kançencanqa (8586 m) zirvələrini fəth etmiş ilk azərbaycanlıdır. İsrafil "Seven Summits" klubunun (2007) ilk azərbaycanlı üzvü və 2009-cu ildə şimal qütbünü fəth etmiş ilk azərbaycanlıdır. O, dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinist olmuşdur. İsrafil, həmçinin, 2009-cu ildə keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edərək "Qar bəbiri" fəxri adını qazanan ilk azərbaycanlı kimi tarixə düşür.İsrafil Aşurlu 27 fevral 2016-cı il tarixində saat 13:30-da Holiday Inn mehmanxanasında keçiriləcək Travelx: "Nepaldan Papuaya" tədbirində məhz bu zəngin təcrübəsindən danışacaq.İsrafil Aşurludan başqa, tədbirin spikerləri arasında ADA Universitetinin köməkçi professoru, Papuanın sivilizasiyadan uzaq qəbilələrində yaşamış Cavid Məmmədov, Boutique Travel Magazine jurnalının baş redaktoru, Cənub-Şərqi Asiyanın bir neçə ölkəsində başına maraqlı hadisələr gəlmiş jurnalist Vyaçeslav Sapunov, uzun müddət Cənub-Şərqi Asiyada, xüsusən də Balidə yaşamış aktiv səyahətçi Nərgiz Səfərova və dünyanın 47 ölkəsində olmuş, Kamboca, Laos və regionun digər ölkələrində başına gəlmiş macəraları sizinlə bölüşəcək səyahətçi Türyan Məmmədov daxildirlər. Əlavə olaraq Cənubi və Cənub-Şərqi Asiyanın əksər ölkələrində olmuş, Hindistanda, Vyetnamda və İndoneziyada yaşamış azərbaycanlı səyahətçi-bloqer Nailə Axundova da tədbirə onlayn şəkildə qoşulacaq.Tədbirin təşkilatçısı Vizam.az startapı, baş sponsoru AtaTravel Turizm Agentliyidir. Travelx tədbirinin informasiya tərəfdaşları Trend.az, Day.Az, Milli.Az, Azernews, 107.7 Auto.fm,Gənclik Tərəfdaşı isə AIESEC Azerbaijan qeyri-hökumət təşkilatıdır.
Mənbə: Milli.Az