Qadin.NET / İşdən ixtisara düşmək istəmirsizsə...

İşdən ixtisara düşmək istəmirsizsə...

İşdən ixtisara düşmək istəmirsizsə...
Son günlər bəzi özəl və hətta dövlət müəssisə və təşkilatlarında son dövrlər cərəyan edən prosesləri, iqtisadi-maliyyə çətinliklərini əsas gətirərək işçiləri ixtisar adı işdən azad edirlər. Bəzi yerlərdə bu, hətta kütləvi hal alıb.

Lakin məsələnin hüquqi tərəfini Milli.Az-a izah edən hüquqşünas,vəkil Asif Abdullayev deyib ki, çox zaman işəgötürənlər belə hallarda qanunun tələblərini pozurlar. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən isə, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyini pozmaqla xitam verən şəxslər 1500-2000 manat məbləğində cərimə edilirlər:"Mövcud əmək qanunvericiliyinə görə, ixtisar edilməsi nəzərdə tutulan işçilər işəgötürən tərəfindən 2 ay qabaqcadan ixtisar olunacaqları barədə rəsmi qaydada xəbərdar edilməlidirlər. Bu 2 ay ərzində işçi ümumi qaydada işini davam etdirir, lakin işəgötürən hər həftə, həftədə bir gün olmaqla iş yeri axtarmaq üçün ixtisar olunacaq işçiyə imkan yaratmalıdır.

İxtisar olunacaq işçinin razılığından asılı olaraq, işəgötürən həmin iki ayın əmək haqqını əvvəlcədən ödəyərək, iki aylıq xəbərdarlıq müddətini gözləmədən də əmək müqaviləsinə xitam verə bilər".Ekspert qeyd edib ki, ixtisar edilmiş işçiyə, işdən azad edildiyi gün orta əmək haqqı məbləğində kompensasiya ödənilməlidir: "Əgər ixtisar edilmiş işçi ixtisar edildiyi gündən ikinci və üçüncü aylar ərzində özünə yeni iş yeri tapmayıbsa, ona bu aylar üçün orta əmək haqqı ödənilir. İşçinin işsiz olması məşğulluq orqanından aldığı arayışla təsdiq edilməlidir. Nəzərə almaq lazımdır ki, işçi ixtisardan əvvəl iki aylıq xəbərdarlıq müddətini gözləməyərək, həmin ayların əmək haqqını birdəfəyə alaraq, əmək müqaviləsinə xitam verilməsinə razılaşdığı hallarda, işsiz olması ilə bağlı ikinci və üçüncü aylar üçün əmək haqqı ala bilməz. İşçinin ixtisar edilməsi ilə bağlı kompensasiya, əmək haqqı və sair ödənişlər, o cümlədən əmək kitabçası işdən çıxdığı gün verilməlidir.

Bəzi işəgötürənlər ixtisarla bağlı kompensasiyadan yayınmaq üçün işçilərə təklif edirlər ki, onlar ərizə yazıb öz xahişləri ilə işdən azad olsunlar. Belə olan halda işçiyə kompensasiya ödənilmir. Ona görə də işdən çıxmaq barədə ərizə yazanlar bu məqamı nəzərə almalıdırlar".Lakin vəkilin sözlərinə görə, elə işçilər var ki, onları ümumiyyətlə vaxtından əvvəl işdən azad etmək olmaz: "İşəgötürənin təşəbbüsü ilə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinə xitam verilə bilməz. Bu qaydalar yalnız müəssisənin ləğv edildiyi və işçinin əmək müqaviləsinin başa çatdığı hallara şamil edilmir".

Mənbə: Milli.Az

22 fevral 2016
GO BACK