Azərbaycanın keçmiş təhsil naziri Firidun Cəlilov Modern.Az saytına açıqlamasında Mikayıl Cabbarovun tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, ölkədə test sistemi tətbiq edilərkən bir neçə ildən sonra onun ləğvi nəzərdə tutulmuşdu. "Biz test sistemini tətbiq edəndə nəzərdə tutmuşduq ki, bir neçə ildən sonra, işlər qaydasına düşəndə o üsul ləğv olunmalıdır, ümumiyyətlə imtahan ləğv edilməlidir".İrəliyə getməyin vacib olduğunu deyən keçmiş nazir indiki şəraitdə test sisteminin ləğvi ilə rüşvətlə oxuyanların sayının artacağını vurğualyıb. "Təbii ki, pulla övladlarını oxutmaq istəyənlər olacaq. Amma irəli getmək lazımdır".Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub təhsil nazirinin imtahanların keçirilməsi barədə qərar vermək səlahiyyətinin olmadığını qeyd edib. "Hesab edirəm ki, Azərbaycanın indiki şəraitində tələbə qəbulunda başqa sistemin tətbiqi mümkün görünmür. Tələbə qəbulunun Təhsil Nazirliyinə verilməsi və ya tələbə qəbulunu aparan təşkilatın Təhsil Nazirliyinin tərkibində olması tamamilə yanlış addım olardı".Bununla yanaşı, test sisteminin də ideal olmadığını bildirən V.Əyyub onu da əlavə edib ki, test bugünkü reallığımız üçün hələlik ən uyğun variantdır."Biz test sistemini yaradarkən birinci il olduğu üçün vaxtımız az idi. Bu səbəbdən qəbul imtahanlarını bir mərhələdə keçirdik, ancaq sonrakı illərdə imtahanları iki mərhələli etmək fikrində idik. Birinci mərhələdə şagirdlərin bilik səviyyəsi yoxlanacaqdı. İkinci mərhələdə isə şagirdlərin seçdiyi ixtisaslar üzrə imtahanlar götürüləcəkdi. Bunu 20 ildən çoxdur ki, deyirik, təəssüf ki, diqqət yetirən yoxdur".
Mənbə: Milli.Az