Qadin.NET / İynənin ayağa batması nə ilə təhlükəlidir?

İynənin ayağa batması nə ilə təhlükəlidir?

İynənin ayağa batması nə ilə təhlükəlidir?
Uşaqlıqdan bizi iynələrdən ehtiyat etməyi öyrədiblər - "bax, iynə ayağına batacaq, qanla ürəyə qədər gedəcək".

Biz buna həqiqətən inanırdıq. Maraqlıdır ki, bunu deyən böyüklərin bir hissəsi d belə fikirləşirdi.
Milli.Az Sağlamolun.Az-a istinadən bildirir ki, həkimləri belə qeyri-elmi fikirlər güldürür və təəccübləndirir. Təbii ki, ayağa batan iynə heç bir halda ürəyə çata bilməz. Ən pis halda iynə bir qədər dərin girə bilər və burada ilişib qala bilər.
Lakin bu vəziyyət də müəyyən təhlükələr  yarada bilər. Belə ki, əgər insanın ayağına üzərində torpaq hissəcikləri olan köhnə paslanmış iynə batarsa, bu çox təhlükəli infeksion xəstəliyi olan tetanusun inkişafına səbəb ola bilər. Tetanus infeksiyası insanın ölümünə səbəb ola bilər.  Tetanus xəstəliyinin törədiciləri torpaqda spor şəklində uzun illər ərzində yaşaya bilər və insan orqanizminə düşdükdə bu ağır xəstəliyin inkişafına səbəb ola bilər.
Bu səbəbdən ayağınıza üzərində torpaq olan paslanmış iynə batıbsa, mütləq həkimə müraciət edin (hətta siz bu iynəni özünüz çıxarda bilmisinizsə).
Ayağınıza şpris iynəsi batıbsa, bu da müəyyən təhlükə yaradır, xüsusilə də iynə şprisin üzərində olduqda və şprisdə maye qalıqları müşahidə olunduqda. Adətən belə iynələri və şprisləri istifadə etdikdən sonra narkomanlar atır. Bu kateqoriya insanlarda B,C hepatitləri, QİÇS kimi infeksiyaların olması riski adi insanlarla müqayisədə daha çoxdur. Əgər insanın ayağına belə iynə batıbsa, hepatit B və QİÇS infeksiyasına yoluxma  təhlükəsi cüzi da olsa var.
Ayağınıza iynə batıbsa və onun ucu görünmürsə, dərhal həkimə müraciət edin. İynəni müstəqil şəkildə çıxartmağa cəhd etməyin, bu halda iynə daha dərin girəcək və pəncədə olan qan damarları, sinirləri, bağları zədələyəcək.
Həkim zədələnmiş pəncənin rentgen şəkilini çəkəcək və daha sonra iynəni pəncədən xaric edəcək. Bunun üçün kiçik cərrahi əməliyyat tətbiq olunur. Daha sonra tetanusun riski müəyyənləşdiriləcək və lazım olduqda xəstəyə xüsusi profilaktik terapiya təyin olunacaq.

Mənbə: Milli.Az

19 fevral 2016
GO BACK