Qadin.NET / Sünnət mərasimi necə olmalıdır?

Sünnət mərasimi necə olmalıdır?

 

Sünnət mərasimi necə olmalıdır?

Sünnət dedikdə, çoxlarının ağlına oğlan uşaqları üçün keçirilən kiçik toy mərasimi gəlir. Əslində isə bu sözün çox geniş mənası var və bizim nəzərdə tutduğumuz o kiçik toy mərasimi sünnətin tərkib hissəsidir. Bu sözün hərfi mənası "adət", "yol", "davranış" deməkdir. Elmi mənası ilə ifadə etmiş olsaq, sünnət Peyğəmbərimizin (s.ə.s.) gündəlik həyatı, yaşayışı, hansı məqamda necə davranması deməkdir. Ancaq bizim bu yazımızdakı əsas məqsədimiz məhz oğlan uşaqları üçün keçirilən mərasimdir. Bəzilərimiz elə düşünürük ki, uşaq sünnət edildikdən sonra müsəlman olur. Əslində bu, belə deyil. Çünki bütün müsəlmanlar İslam fitrəti üzərində doğulur, yəni müsəlman kimi dünyaya gəlirlər. Haqqında danışmaq istədiyimiz həmin mərasim isə dinimizin gözəl adətlərindən biridir.

 

Sünnət israfı sevməz

Bu gün imkanlı ailələrimizin, demək olar ki, hamısı bu mərasimi şadlıq evlərində, restoranlarda keçirirlər. Dediyimiz kimi, sünnət mərasiminin arxasında tibbi-profilaktik tədbirlərlə yanaşı, dini faktor da dayanır. Əgər həqiqətən də bu məsələni xeyirli işə çevirmək istəyiriksə, gərək o məclisin necə keçməsinə, oradakı ərzaqlara, halal və haramlara ciddi fikir verək. Onu da unutmayaq ki, Allah Quranda insanlara israf etməməyi, nemətlərin qədrini bilməyi, insanın ağlını başından alan şeylərdən uzaq olmağı tapşırır. Ona görə də bu işdə mümkün qədər həssas olmaq lazımdır. İsraf nemətin qədrini bilməməkdir, nemət sahibinə qarşı şükürsüzlükdür. Bu gözəl işin daha bərəkətli olması üçün israfdan qaçmaq lazımdır. İmkansız ailələrə pay göndərmək, kasıbları sevindirmək də çox yaxşı olar.

Bu mərasim ağrı ilə xatırlanmasın

Sünnət edilən uşaq ilk dəfə sosial hadisənin qəhrəmanı olur. Ola bilsin ki, bu zamana qədər o uşağın ad günləri və ya hər hansı hadisə ilə əlaqəli tədbirləri keçirilib. Məsələn, o uşaq hər hansı qəzadan, xəstəlikdən salamat qurtarıb, onun adına deyilmiş qurban kəsilib, insanlar gözaydınlığına, təbrikə gəliblər və s. Amma sünnət mərasimi ömrün ilk illərində ən önəmli dini-ictimai hadisə sayılır. Oğlan uşağı ilk dəfə böyük bir məclisin qəhrəmanı olur. Ailə kasıbdırsa, bu mərasim də sadə, təmtəraqsız keçirilə bilər. Məsələ məclisin nə qədər zəngin və ya kasıb keçirilməsi ilə bağlı deyil, əsas məsələ məclisin düzgün qurulmasında, israfa yol verilməməsindədir. Uşaq bu mərasimlə artıq islami yolda ilk addımını atmış olur. Ona görə də bu prosesi uşaq üçün əzab-əziyyətə çevirməmək lazımdır. Elə etmək lazımdır ki, "sünnət" adı uşaq üçün ağrı-acı simvoluna çevrilməsin.

Min ilin ənənəsi

Hələ qədim dövrlərdən ölkəmizdə sünnət xeyriyyəçiliyi olub. Yəni bir kəndin imkanlı bir adamı imkansız ailələrin uşaqlarını, kimsəsizləri bir yerə yığıb sünnət etdirirdilər. Həmin şəxs mərasimdə işlənən ərzağın da, çalıb-çağıranların da, sünnət edənlərin də xərcini özü ödəyirdi. Qazanlar asılar, el bir yerə yığılıb şənlənər, yetim-yesir, kasıb-kusub doyunca yeyib-içərdi. Bu işin içində savab düşüncəsi də olduğu üçün imkanlılar bu işi bir növ yarış halına gətirərdilər. Bəzi yerlərdə ilin bir gününü sünnət günü elan edər və həmin gün o məhəllənin oğlan uşaqlarını sünnət edərdilər. Çox uzaq getməyək, elə XIX əsrin sonlarında XX əsrin əvvəllərində bu ənənə geniş yayılmışdı. Bakıdakı neft milyonçularının bu sahədə xeyirxahlığına kifayət qədər misal gətirmək mümkündür.

Bir toya iki sünnət

İndi ölkəmizdə kifayət qədər imkanlı şəxslərimiz var. Bakının böyük restoranlarında keçirilən hər bir toyda 1 saat ayırmaq və 2-3 uşağın sünnət mərasimini keçirmək olar. Əgər belə bir ənənə başlasa, ailələr arasında səmimiyyət, qardaşlıq münasibətlərinin qurulmasında mühüm rol oynaya bilər. Təsəvvür edin ki, övladına toy edən valideyn o işin bünövrəsinə daha bir xeyir, daha bir mənəvi qazanc əlavə edir. Öz sevincinə daha 2-3 ailənin sevincini qatir.

Geyim məsələsində də israfdan qaçmaq üçün zəngin ailələr övladına sünnət etdirdikdən sonra ona tikdirdikləri geyimi ehtiyacı olan ailələrə pay verməklə həm bir problemi həll etmiş olar, həm də o uşağın yaddaşına, ruhuna bir xeyirxahlıq toxumu əkmiş olarlar.

Sünnət folkloru

Sünnət mərasimlərində səbəbkardan sonra ikinci qəhrəman kirvə hesab olunur. Bu gün kirvə haqqında kifayət qədər şeir, təkərləmə mövcuddur. Masabəyi sünnət edilən uşaq, kirvə haqqında şeirləri bir-birinə calayır. Kirvədən söz düşmüşkən, onu da deyək ki, bu seçim hələ qədimdən bəri həmişə xətir-hörmətli tutulub. Valideyn öz övladına xətrini çox istədiyi, səmimi olduğu adamları kirvə tutur. Sünnətdən sonra da kirvə tərəfi ailəlikcə sünnət olunmuş uşağı görməyə gələrlər. Bəzən də kirvəlik nəsillikcə davam edir, yəni hər kəs bilir ki, bu ailənin uşaqlarının kirvəsi filan ailədən olur.Sünnət mərasimlərində tez-tez səslənən bir arzu var: "Böyük toyuna gələk!" Elə böyük toylarda da sünnətlə bağlı belə deyirlər: "Uşaqlarının kiçik toyuna gələk!"Biz də bu arzulara qatılırıq: mübarək olsun!

Mənbə: Milli.Az

19 fevral 2016
GO BACK