Ölkəmizdə fəaliyyət göstərən mobil operatorlardan ANS PRESS-ə verilən məlumata görə, son zamanlar abunəçilərin mobil xidmətlərdən istifadə səviyyəsi aşağı düşüb. Azalma xüsusilə sms-lər və internet paketlərdə hiss olunur. Bu isə onların maddi durumunun aşağı olması ilə əlaqədardır.“Müştərilərin sayında azalma müşahidə olunmasa da istər mobil danışıq, istərsə də mobil internetdən istifadə səviyyəsi azalıb. Ümumiyyətlə, SMS-lər bir seqment kimi yox səviyyəsinə enib. Abunəçilər əlavə yükləmələrin sayını da azaldırlar", - deyə mobil operatorlardan birinin mətbuat xidmətindən qeyd etdilər.Xidmətlərdən istifadə səviyyəsinin aşağı düşdüyünü görən mobil operatorlar isə müştərilərini itirməmək üçün yeni tarif və kampaniyalar təqdim edir. Bəziləri onlara limitsiz sms, pulsuz danışıq dəqiqələri və meqabayt verməklə abunəçilərinin etibarını qazanmağa çalışırlar.Mobil operatorlar tərəfindən bu cür ucuz kampaniyaların təqdim edilməsi bazarda rəqabətin güclənməsinə və daha sərfəli tariflərin irəli sürülməsinə səbəb olur.Operatorlardan birinin açıqladığı məlumata əsasən, Azərbaycanda mobil danışıqların həcmi 30%-ə qədər, SMS-lərin sayı isə təqribən 2 dəfə azalıb. Eyni zamanda azalma, həmçinin, internet paketlərində də müşahidə olunur.
Mənbə: ANS PRESS