"Azərbaycanda ailədə uşaqlara qarşı zorakılığın qarşısının alınması və bu hərəkətə yol verənlərin cəzalandırılması üçün kifayət qədər qanunvericilik bazası yaradılıb. Hətta Cinayət Məcəlləsində bununla bağlı sərt cəzalar nəzərdə tutan kəskin maddələr var. Düzdür, biz Azərbaycanda ölüm hökmünün icrasını ləğv etmişik. Amma belə çıxır ki, belə vəhşiliklərə görə gələcəkdə ölüm hökmü tətbiq oluna bilər".
Bunu Milli.Az-a açıqlamasında Regional, eyni zamanda Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü Tahir Rzayev Beyləqanda atanın öz azyaşlı övladını amasızlıqla qətlə yetirməsinə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, ölüm hökmü mütləq bərpa olmalıdır: "Tutaq ki, 10-15 il azadlıqdan məhrum edildi, yenə də qayıdacaq, amma bu övlad qatili, insan qatilidir. Belə qatillərə güzəşt olmamalıdır. Onlar daha ciddi şəkildə cəzalandırılmalı, belələri xarici ölkələrdəki kimi 30-40 il azadlıqdan məhrum edilməlidir. Qoy getsinlər, ömür boyu övlad qatili kimi cəzalarını çəksinlər"T.Rzayev Beyləqanda övladını öldürən şəxsin timsalında qeyd etdi ki, belələrini nəinki ata, heç insan da adlandırmaq olmaz: "Bir atanın öz övladını öldürməsi vəhşilikdir. Heç bir valideynin öz övladını öldürməyə ürəyi gəlməz. Biz görmüşük ki, ata-anaları həmişə övladlarına öz canlarını verirlər. Görünür, bu cinayəti törədən şəxs atalıq və insanlıq hissindən uzaq adamdır. Bunda atalıq hissi, atalıq qanı yoxdur. İkincisi, axı bu azyaşlı uşaqdır. Axı o uşağın qəbahəti nə idi? Heç bir valideyn, atalıq hissi olan heç bir insan öz övladına bu formada əl qaldırmaz. Elə insan var ki, nəinki insana, heç bir quşa, bir çiçəyə qıymır. O ki qala öz qanından, canından olan doğma övladını vəhşiklə öldürəsən. Mən elə adama ata demərəm".Qeyd edək ki, iki gün öncə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndinin sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb gizlənsə də, hüquq-mühafizə orqanları tərəfindən tapılaraq həbs edilib.
Mənbə: Milli.Az