ANS PRESS-in məlumatına görə, bu xəbəri sahibkarlarla görüşündə səsləndirən fövqəladə hallar naziri Kəmaləddin Heydərov yetərincə geniş arealdan bəhs edib. Nazirin sözlərinə görə, söhbət Bakının doqquz mikrorayonundakı 5,7 və 9 mərtəbəli köhnə binaların sökülməsindən və yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanmasından gedir. Bu isə konsepsiyanın Bakının şimal-qərbində 1960-cı illərdən başlayaraq salınmış geniş yaşayış massivini əhatə edəcəyindən xəbər verir. Təbii ki, massiv sakinləri yaşadıqları binaların sökülüb-sökülməyəcəyi ilə maraqlanırlar. Konsaltinq şirkətlərindən birinin rəhbəri Nüsrət İbrahimov ANS PRESS-ə müsahibəsində bildirib ki, ümumiyyətlə Bakıda 3500-ə qədər köhnə bina var və konsepsiya böyük ehtimalla onları əhatə edəcək: “Konsepsiyada hansı binaların söküləcəyi müəyyən ediləcək. Mənim fikrimcə, konsepsiyada qəzalı binaların sökülməsi nəzərdə tutulacaq”.
Mənbə: ANS PRESS