Milli.Az Ailə.Lent.Az-a istinadən bildirir ki, burun və sinus bakteriya və virusların sıx-sıx yerləşdiyi bölgələr olduğundan iltihablanmaya daha çox meylli olurlar. Ancaq normal sinusda iltihab hər zaman olmaz. Əgər sinusun normal çalışmasına mane olan səbəblər varsa, sinusit meydana gələr.Sinusit ən çox soyuqdəymə, qrip kimi infeksion xəstəliklərdən sonra ortaya çıxır. Sinusların burun içinə açılan dəlikləri tutulur və nəticədə ifraz olunan maddə buruna axmır. Sinusların havalanması da korlanır. Bundan əlavə, qığırdaq əyriliyi, ət böyüməsi, yad cisim, artıq ət kimi hallar da sinusitin yaranmasını asanlaşdırır.
Sinusitin növləri
Sinusitin akut və xroniki adlanan iki növü var. Akut sinusitin erkən dövrüdür və müalicəsi çox asandır. Xroniki sinusit zamanı isə sinuslarda tez-tez iltihablanma baş verir və çox çətin, hətta əməliyyatla müalicə edilir.
Akut sinusitdə əlamətlər daha şiddətlidir. Xəstəni ən çox narahat edən baş, üz, ağız və göz ətrafındakı ağrılardır. Önə doğru əyiləndə bu ağrı daha da artar. Burun tıxanıqlığı, burun axıntısı, qoxu duymanın azalması, qızdırma, çənə və dişlərdə ağrı, ağız qoxusu, burun qanaması, göz qapaqlarında, üzdə şişmə kimi şikayətlər olur.
Öskürək həm akut, həm də xroniki sinusitin əlamətidir. Xroniki sinusit uzun müddət davam etsə də, ağrı yüngül olur. Bəzən isə heç olmur.
Əlamətləri
- Səhərlər yorğun oyanırsınız
- Boğaz ağrınız var
- Burnunuzda quruma və qabıqlanma var
- Ağız və diş sağlamlığınıza fikir versəniz də, ağzınızdan xoşagəlməz qoxu gəlir
- Gecələr xoruldayırsınız
- Burnunuz tutulur
- İy hiss etmirsiniz
- Son vaxtlar mütəmadi olaraq yorulursunuz
- Quru öskürürsünüz
- Səsiniz dəyişməyə başlayıb
- Burnunuz axır
- Boğazınıza nəsə batırmış kimi bir hiss var
- Qış infeksiyalarından 10 gündən çox bir müddətdən sonra xilas olursunuz
- Xəstəlikləriniz tez-tez təkrarlanır
- Son 3 ayda şikayətləriniz bitib-tükənmir
Burun qığırdaq-sümük əyriliyi və burun əti böyüməsi probleminiz varsa, qış mövsümü sizin üçün daha çətin keçir. Tez-tez burnunuz axır, sinusit hücumları baş verir. Adətən yüngül viral infeksiyalarda antibiotik istifadəsinə ehtiyac qalmır. Qığırdaq-sümük əyriliyi və burun əti böyüməsi olan adamlarda isə təbii müqavimət mexanizmi sıradan çıxdığı üçün tez-tez antibiotik istifadəsi ilə nəticələnən bakterial infeksiyalar yaşayırlar. Bundan başqa, yatan zaman nəfəs alma probleminin artması oksigen qəbulunu aşağı saldığı üçün yorğunluq və baş ağrısı şikayətləri üzə çıxır. Buna görə də tez bir zamanda qulaq-burun-boğaz həkiminə müraciət edin.
Mənbə: Milli.Az