ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Kemerovo vilayətininqubernatoru Aman Tuleyev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluarasında görüş zamanı müzakirələr aparılıb.
Polad Bülbüloğlu bildirib ki, Azərbaycan istirahət üçün Xəzər dənizi, dağ-xizək kurortları ilə yanaşı qonaqlarına zəngin mətbəxini də təklif edir. Səfir Azərbaycanın müxtəlif yeməklərinin olduğunu deyib. Əksər insanlar hər hansı bir ölkəyə turist kimi səfər etdiyi vaxt onun yeməklərini dadmadan geri dönmək istəmir. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Gülnaz Əsgərovanın sözlərinə görə, ölkəmizdə bu sektorun inkişafı üçün böyük imkanlar var.
"İnkişaf üçün isə ilk növbədə təqdimat lazımdır. Buna görə də hər bölgə öz mətbəxini təbliğ etməlidir. Həmçinin Azərbaycanın çoxlu unudulmuş yeməkləri var. Məsələn, xüsusi qaydalarla bişirilən Naxçıvan qovurması, ağartı məhsulları, bulama, Ordubad qayğanağı, Şirvan şorbası kimi yeməklərin turistlərə təqdim olunması vacibdir", - deyə Gülnaz Əsgərova bildirdi.
O qeyd etdi ki, Şəki pitisi Azərbaycana gələn turistlərin diqqətini xüsusilə cəlb edir.
“Amma onun üzərindəki quyruğu gördükdə yemək istəmirlər. Şəki pitisinin yeyilməsi ilə bağlı qaydalar turistə nümayiş etdiriləndə onlar bu fikirdən daşınırlar. Bu səbəbdən yeməklərin təbliğindən çox şey asılıdır. Həmçinin xaricdə qədim yemək növlərimizin təqdim edildiyi restoranların fəaliyyət göstərməsi bu sahənin inkişafında böyük əhəmiyyət kəsb edir",-deyə mərkəz rəsmisi bildirdi. Turizm şirkətlərindən birinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, mətbəx turizmi alternativ turizm növləri içərisində çox vacib yer tutur.
“Sosioloji sorğulara görə, insanların 60 -70 %-i xarici ölkəyə səfər etdiyi zaman mətbəxi ön plana çəkir. Azərbaycanda xüsusi marşrutların yaradılması zamanı bu faktorlara ciddi fikir verilməlidir. Belə marşrutlarda müxtəlif şirniyyatların, şərab növlərinin və mətbəx nümunələrinin təqdim edilməsi vacibdir”, - deyə ekspert bildirdi.
Mənbə: ANS PRESS