Tovuzda limon ağacı bir ildə 150 kiloqramdan çox məhsul verir. Limonlardan ən böyüyünün çəkisi 2 kiloqrama çatır. Görünüşünə görə, cənub bölgəsində əkilən subtropik bitkidən tam fərqlənən və Hindistan sortu adlandırılan limon Əyyublu kəndində yetişdirilir.
Kənd sakini Cahangir Sadıqov AZƏRTAC-a bildirib ki, limon tingini dostundan alıb və əkdikdən sonra onun 5 il bar verməsini gözləyib. Nəhayət, kiçik ağacda böyük limonlar yetişib.Tovuz sakini artıq 3 ildir ki, yazda çiçək açıb payızda bar verən bitkinin meyvələrini yığır. Limon bitkisi sahibinə yaxşı gəlir də gətirir. O, böyük limonları 1-1,5 manata satır. İstixana şəraitində yetişən subtropik bitki kənd sakinlərinin də marağına səbəb olub. Kimisi bu limonun tingini, kimisi də meyvəsini əldə etmək üçün C.Sadıqovun həyətinə üz tutur.
Mənbə: Milli.Az