Fransanın xarici işlər naziri Loren Fabius tutduğu vəzifədən istefa verib. ANS PRESS-in məlumatına görə, buna Fransanın baş diplomatının yeni vəzifəyə təyin olunması səbəb olub.
Ötən gün nazirlər kabinetinin iclasından çıxan nazir jurnalistlərə son dəfə nazirlər kabineti iclasında iştirak etdiyini deyib.
“Yelisey” sarayının yaydığı rəsmi bəyanata görə, Loren Fabius tutduğu vəzifədən istefa verdikdən sonra Fransa Konstitusiya məhkəməsinin sədri təyin olunub.
Bu barədə açıqlama verən Fabius, Fransua Ollandın bu təklifini qəbul etdiyini, mart ayından yeni vəzifəsinin icrasına başlayacağını bildirib.
2012-ci ilin may ayından Fransanın xarici işlər naziri olan Loren Fabius BMT iqlim dəyişikliyi konfransı, İranla nüvə müzakirələri və İsrail ilə Fələstin arasındakı vasitəçilik fəaliyyətləri ilə də yadda qalıb.
Loren Fabius 1946-cı il avqustun 20-də yəhudi bir atanın və amerikalı katolik ananın oğlu olaraq Fransanın paytaxtı Parisdə dünyaya gəlib.
Fabiusdan sonra xarici işlər naziri vəzifəsinə kimin təyin olunacağı barədə hələlik məlumat verilməyib.
Mənbə: ANS PRESS