Bu gün Beynəlxalq Təhlükəsiz İnternet günüdür.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu gün 110 ölkədə qeyd edilir.Beynəlxalq Təhlükəsiz İnternet günü Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilib.Beynəlxalq Təhlükəsiz İnternet günü Azərbaycanda da qeyd edilir. Dövlət Statistika Komitəsinin ötən ilin iyul ayına olan məlumatına görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 65-ə, kompüter istifadəçilərinin sayı isə 67.8-ə bərabərdir.
Ümumi statistik məlumatlara nəzər saldıqda azərbaycanlıların internetə marağının yüksək olduğu görünür. Amma ölkəmizdə interetlə tam təmin olunmayan ərazilər və bununla bərabər sosial qruplar da var. İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində müxətəlif addımlar atılsa da, internetlə tam təminata hələ də nail olunmayıb. Azərbaycanda internetə ehtiyacı olan sosial təbəqələrdən biri də aztəminatlı ailələrdir.Milli Elmlər Akademiyasının elmi işçisi, İKT üzrə ekspert Cahid İsmayıloğlunun sözlərinə görə, Azərbaycanda müəyyən sosial qruplar pulsuz və ya güzəştli internetlə təmin edilə bilər.
"Ölkəmizdə aztəminatlı ailələrlə sosial müavinətlər verilir. Bu müavinətlərin tərkibinə pulsuz internet paketinin də daxil edilməsi mümkündür. Azərbaycanın əksər dövlət orqanları öz xidmətlərini online həyata keçirir. Həmin sosial imkanları az olan insanların internetə əlçatımlığı üçün addımlar atılmalıdır ki, baş verən yeniliklərdən xəbərdar olsunlar. Pulsuz internetdən həmçinin tələbələr, şagirdlərdə yararlana bilərlər", - deyə ekspert bildirdi.
Mənbə: Milli.Az