Qadin.NET / İçərişəhərdə tarix dəfn edilir

İçərişəhərdə tarix dəfn edilir

 

İçərişəhərdə tarix dəfn edilir

İçərişəhərdə aparılan təmir-tikinti işləri bu qədim memarlıq qoruğunun tarixini məhv edir. Mətbuatda dəfələrlə bu haqda məlumatlar verilsə də, proses dayandırılmayıb. Əksinə, daha sürətlə davam etdirilir. Musavat.com-un əməkdaşı İçərişəhərin dar, dolanbac küçələrini dolaşaraq, tarixin izlərinin necə məhv edildiyinə şahid olub. Qədim məhəllələrin yollarının köhnə daş örtükləri, binaların üzlükləri sökülərək yeni aqlay daşları ilə əvəzlənib. Müasir şəhərsalma qaydalarına görə, tarixi məhəllə indi daha "təmiz və səliqəli" görünsə də, tarixin koloriti bu soyuq daş üzlüklərin altında qalır. İçəri şəhərin Qoşa Qala qapısından başlayaraq Qız qalasına kimi olan küçələrdə onlarla kafe, restoran fəaliyyət göstərir. Bu istirahət və  əyləncə məkanları qədim binalarda yerləşir. Sahibkarlar müştəri cəlb etmək üçün qədim evlərin divarlarını müxtəlif  müasir naxış və rəsmlərlə bəzəyir, pəncərələrini plastik pəncərələrlə əvəz edir, qədim qapıları dəyişirlər. Bu isə binaların tarixi görünüşünə kölgə salır. İçərişəhərin küçələrində də qədim evlərin harmoniyasını müasir şəkildə təmir olunmuş evlər  pozur.Burada müşahidələrimiz zamanı bir neçə yerdə tikinti aparılmasının şahidi oluruq. Kiçik qala küçəsində yerləşən binada tikinti işləri gedir. Ərazidə işləyən ustaların dediyinə görə, binanın içərisi tamamilə sökülür və yenidən tikiləcək. Aparılan tikinti işləri Qız qalasına da kölgə salır. Belə ki, qalanın yaxınlığındakı qədim Atəşgah məbədi hasara alınıb. Oranın yenidən tikilərək restoran kimi fəaliyyət göstərəcəyi deyilir. Adının çəkilməsini istəməyən İçərişəhər sakini deyir ki, hasara alınan bu ərazidə qədim atəşgah olub. İndi isə həmin yerdə kilsə tikiləcək. Başqa bir sakin isə buranın bir müddət əvvəl restoran kimi fəaliyyət göstərdiyini, indi yenidən təmir olunub restoran olacağını deyir. Əgər bu ərazidə restoran tikilsə, o zaman kənardan baxdıqda Qız qalası yarıya kimi həmin restoranın arxasında görünməz olacaq. Hasara alınmasının  səbəbi isə aparılan işlərin kənardan görünməsini əngəlləmək və tarixi bu yolla məhv etməkdir. Sakinlər deyirlər ki, burada bir çox abidələr insanların əsas hərəkət etdikləri küçədən aşağıda yerləşir. Küçənin hər iki tərəfində qoyulan köşklər, suvenir dükanları həmin abidələri kölgədə qoyur.İçərişəhərdə turistlərə bələdçilik edən  Adil adlı şəxs bizə də bələdçilik edir. O da İçərişəhərin hazırki durumundan narazıdır: "10 ildən çoxdur ki, İçərişəhərdə bələdçilik edirəm.  Şəhərin tinlərini, küçələrini əlimin içi kimi tanıyıram. Qədimlik İçərişəhərin yalnız adında qalıb, reallıqda isə əsər-əlamət qalmayıb. Hər şey Qız qalası ilə həll olunmur. Başqa tarixi binalarımız, məhəllələrimiz də var. Misal üçün İçərişəhərdə su kranları yoxdur. Bu qədər ərazidə cəmi 1-2 yerdə su kranı olmalıdır, onlar da xarabdır. Qız qalası sanki blokadada qalıb. Bəzi qədim daşlar, tarixi əks etdirən şeylər var ki, onlar restoran və köşklərin arxasında qalıb. Digər tərəfdən tarixi abidələri ziyarət edənlərdən ödəniş tələb olunur. İnsanlar tarixini öyrənmək üçün məgər pul verməlidirlər? Bu səbəbdən də tariximiz haqqında öyrənməyə gələnlər azdır. Hər gün 8 saat burada oluram və insanlara bələdçilik xidməti təklif edirəm. Camaat İçərişəhərə maraq göstərsə də, yalnız "selfi" üçün gəlirlər. Qədim abidələrin tarixi haqqında heç bir məlumatları yoxdur. Məlumat almaq belə istəmirlər. Bu səbəbdən də qazancım olmur".

 

Mənbə: Milli.Az

8 fevral 2016
GO BACK