Qadin.NET / Şəhidimiz Yevlaxda torpağa tapşırılıb

Şəhidimiz Yevlaxda torpağa tapşırılıb

Şəhidimiz Yevlaxda torpağa tapşırılıb
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri dəfn olunub. 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində  torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Yevlax Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimində çıxış edənlər Vətən uğrunda canından keçən şəhidin ailəsinə dərin hüznlə başsağlığı veriblər. Şəhid İmran Mirzəyev  yaylım atəşi ilə son mənzilə yola salınıb.

Müdafiə Nazirliyinin nümayəndələri Dövlət Bayrağımızı şəhidin ailə üzvlərinə təqdim ediblər. "Şəhidimizdir, bizim hamımızın balamızdır. O, bizim qəlbimizdə yaşayır və həmişə də yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin dayısı vurğulayıb.Bildirək ki, 19 yaşlı İmran Mirzəyev fevralın 3-də erməni silahlı bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində cəbhənin Qazax bölgəsində şəhid olub. Yevlax rayonundan həqiqi hərbi xidmətə çağırılan İmran Əzizov ordu sıralarından 2016-cı ilin aprel ayında tərxis olunacaqdı.  

Mənbə: Milli.Az

 

4 fevral 2016
GO BACK