Qadin.NET / Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı

Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı

Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Kənd Təsərrüfatı Nazirliyi son günlərdə bananlarda rast gəlinən və qan olduğu iddia edilən qırmızı ləkələrlə bağlı açıqlama verib. 
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, son günlərdə bəzi kütləvi informasiya vasitələrində banan meyvələrində qeyri-adi qırmızı ləkələrə rast gəlinməsi meyvələrin daxilinə yeridilmiş qan kimi qələmə verilir. Bu hallar insanlar arasında narahatlığa səbəb olub.
Bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətininmüfəttişləri tərəfindən idxal olunan banan meyvələrinə karantin baxışı keçirilərkən bu tip meyvələrə rast gəlinməmiş, Dövlət Xidməti tərəfindən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilmiş və bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən laboratoriya analizləri məqsədilə nümunələr götürülüb.
Məsələ ilə bağlı Dövlət Xidmətinin “üzərində qan ləkəsi olması ehtimal edilən banan meyvələrinin xidmətə təqdim edilməsi” barədə açıqlamasından sonra quruma vətəndaşlar tərəfindən də ekspertiza üçün bir neçə banan nümunələri təqdim edilib.
Dövlət Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin müvafiq ekspertizaları keçirilmiş, götürülmüş nümunələrdən yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanılan banan meyvələrində və vətəndaşlar tərəfindən təqdim edilmiş iki nümunədə qanabənzər ləkələr aşkar edilib.
Müvafiq ekspertizalar nəticəsində banan meyvələri daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası ( Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib. Xəstəliyə nadir hallarda rast gəlinir.

Mənbə: ANS PRESS

2 fevral 2016
GO BACK