Qadin.NET / Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?

Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?

Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?

Azərbaycan Səhiyyə Nazirliyi "donuz qripi" xəstəliyinə görə 2009-cu ildə olduğu kimi ölkədə peyvəndin aparılıb-aparılmayacağına aydınlıq gətirib.

Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, 2009-cu ildə "donuz qripi"nə qarşı peyvənd işi aparılanda dünya ölkələrində "donuz qripi"nin pandemiyası qeydə alınırdı: "Həmin zaman bütün qitələrdə bu xəstəliyə yoluxma hadisələri var idi. Hətta bu, epidemik səviyyəyə də qalxmışdı. Ona görə də o vaxt vaksin istehsalçıları pandemik qrip əleyhinə A(H1N1) virusuna qarşı vaksin istehsal etdi və onlar bütün ölkələrə paylanıldı. Həmin vaxt Azərbaycanda da 100 minlərlə insan bu peyvəndlə əhatə olundu".

A.Əliyeva qeyd edib ki, hazırda bir necə ölkədə - Türkiyə, İran, Ukrayna, Özbəkistan, Gürcüstan və Rusiyada "donuz qripi"nin yayılması qeydə alınır. Lakin həmin ölkələrdə bir o qədər çox yoluxma hadisəsi yoxdur.

A.Əliyeva bildirib ki, hazırda ölkələrdə A(H1N1) virusuna yoluxanların sayı elə də çox olmadığından Ümumdünya Səhiyyə Təşkilatı insanların A(H1N1) virusuna qarşı peyvənd edilməsinə ehtiyac görmür.

Direktor müavininin sözlərinə görə, qripə qarşı peyvənd kəskin resperator virus infeksiyalarının mövsümü qabağı, yəni avqustun sonu, sentyabrda aparılır: "Bu zaman onun effekti də olur. İndi isə peyvəndin aparılmasına elə ehtiyac yoxdur. Çünki kəskin resperator virus infeksiyalarının mövsümü başlayıb. Azərbaycanda isə bu xəstəliyə qarşı peyvənd işlərinin aparılmasına qətiyyən ehtiyac yoxdur".

A.Əliyeva bunun səbəbini Azərbaycanda indiyədək "donuz qipi" diaqnozunun təsdiq olunmaması ilə izah edib: "Azərbaycanda kəskin resperator virus infeksiyaları qeydə alınır. Ağır gedişli resperator virus infeksiyasına yoluxan xəstələrdən nümunələr götürülür. Amma onlar arasında, hələ ki, A(H1N1) virusu aşkarlanmayıb. Biz heç bir "donuz qripi"nə yoluxma haqqında danışa bilmərik. Buna baxmayaraq, güclü nəzarət tədbirləri həyata keçirilir. Dərman preparatları ilə təminat yüksək səviyyədədir".

O qeyd edib ki, Səhiyyə Nazirliyinin əmrinə əsasən, bütün profilaktik tədbirlər yüksək səviyyədə həyata keçirilir: "Sərhəd-keçid məntəqələrində həm ölkəyə gələn nəqliyyat vasitələri dezinfeksiya edilir, həm də insanlar vizual baxışdan keçirilir. Sərhəd-keçid məntəqələrində yüksək hərarəti müəyyən edən termovizorlar quraşdırılıb. Buna görə də hərarətli xəstələrin Azərbaycanın ərazisinə keçməsi qeyri-mümkündür".

A.Əliyeva ölkədə indiyədək epidemioloji baxımdan vəziyyətin tam stabil olduğunu da deyib.

Milli.Az

31 yanvar 2016
GO BACK