"OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Çünki təəssüflər olsun ki, hər OPEC üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq".
ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Yeni enerji tarazlığı” mövzusunda sessiyada çıxışı zamanı belə deyib. Dövlət başçısının sözləri sessiya iştirakçılarını güldürüb. Dövlət başçısının "bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır" zarafatından hamı razı qalıb.
Dövlət başçısı aparıcının "real olaraq Siz OPEC üzvü olmadan gündəlik 800 min barel neft istehsal edirsiniz. Heç OPEC-lə əlaqə yaradıb “Azərbaycanda çətinlik çəkirik, bununla əlaqəli bir şey etməliyik” demisinizmi?" sualına cavabında belə deyib.
İ.Əliyev düşünür ki, OPEC üzvü olmayan böyük istehsalçılar və OPEC üzvləri arasında istehsalın azaldılması barədə razılıq, əlaqələndirmə olsa, qarşılıqlı etibarı artırar. OPEC təkbaşına bu qərarı verə bilmədi.
"Bu qərar olmadıqda isə indiki vəziyyət alınır və neftin qiymətinin ən aşağı həddə enməsini gözləyirik. Hər gün ən aşağı hədd olduğunu düşünürük və daha sonra yeni neft qiymətini görürük. Sözün açığı, ölkənin büdcəsini tarazlamaq, investisiya üçün maliyyəyə malik olmaq kimi ehtiyaclardan başqa, bu, bir az da psixoloji cəhətdən yorucudur. Bu, təkcə neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr arasındakı fərq də budur. Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. Eyni zamanda, istehsal gücünü sabit saxlamaq üçün də neft və qaz sənayesinə investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq, eyni zamanda, bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq. Əvvəldə dediyim kimi, özümüzü bu dövrə - 15-20-25 il sonraya hazırlamağa çalışırdıq. Amma bunu indi etməliyik və düşünürəm ki, bu vəziyyətdən çıxa biləcəyik".
Mənbə: ANS PRESS