Qadin.NET / Uşaqlar arasında intihar cəhdlərinin sayı niyə artır?

Uşaqlar arasında intihar cəhdlərinin sayı niyə artır?

 

Uşaqlar arasında intihar cəhdlərinin sayı niyə artır?

"İntihar nəticədir, səbəblər araşdırılmalıdır, intiharın qarşısını son ana qədər ala bilmək mümkündür"...
Milli.Az APA-ya istinadən bildirir ki, bunu sosioloq Cavid İmamoğlu deyib.
Qonaq Azərbaycanda intihar hadisələrinin araşdırılmadığını deyib: "Ölkəmizdə intihar statistikasına təsir edən ən böyük faktorlardan biri də intiharın latent səviyyədə getməsidir. Bir çox ailələr sırf mentalitet faktoruna görə intihar faktını gizlədirlər. Dünyada intihar ölümün 3-cü səbəbidir, Azərbaycanda da bu trendə meyl çoxalır. İntiharın daxili və xarici faktorları mənəvi, psixoloji, mental, sosial, ekoloji, ailə və sair amillərdir".
Cavid İmamoğlu intiharı ictimai səhiyyə problemi hesab edir: "İntihar etmək dərəcəsində olan insanlara sosial dəstək göstərilmir. Bir çox hallarda intihar etmək istəyən insanlar bizim yanımızda olur, biz onların verdiyi mesajları başa düşmürük. İntihar çarəsizlikdir, qarşıdakı problemi idarə edə bilməyən insan stressə düşür, dəstək gözləyir, bu dəstək daxildən və ya kənardan gəlməlidir. Bu dəstəyi görməyən insan sonda özünə qəsd etməyi çıxış yolu kimi seçir. İntihar edən üçün ən son anda bir ümidin yaranması kifayət edər ki, insanı həyata qaytarsın. Bizim cəmiyyətimizdə sosial dəstək çatışmır. Bütün müəssisələrdə sosial işçi olmalıdır, onlar başqalarının görə bilmədiyi məqamları görür, böhranlı halları üzə çıxarır, prosesə dəstək göstərir. Təəssüflər olsun ki, bu məsələ problem hələ də qalır. Bu sosial dəstək faktoru olmadıqca intihar da problem olaraq genişlənir".
Sosioloq yeniyetmə və uşaq intiharlarının səbəblərindən də danışıb: "14-24 yaş arası keçid mərhələsi hesab olunur. Yeni həyat bacarıqları tələb olunan məqamda yeniyetmələrə dəstək verilmədiyi vaxtda çətinlikləri idarə edə bilmirlər. Məktəb imtahanları, sevgi, ailədaxili münaqişələr uşağın özünə qapanmasına, depressiv vəziyyətə düşməsinə səbəb olur. Bu vaxt uşaq özünə təqlid modeli kimi intihar yolunu seçir. Böhran vəziyyətində olan uşaq üçün hər hansı intihar görüntüsü təqlid modelidir. Ona görə də ictimai səhiyyə ilə məşğul olan insanlar ilk növbədə medianın intihar xəbərləri verməsinin yeri və rolu mövzusunda müzakirələr aparırlar. İntihar xəbərləri cəmiyyətdən gizlədilməməlidir, amma bu xəbərlərin verilmə etikası var. Belə mövzuda xəbər və ya müsahibə hazırlananda mütləq psixoloqla məsləhətləşmək lazımdır. Bu işin etikası belədir ki, intihar baş vermiş ailədən müsahibə alınacaqsa, mütləq ailə həkiminin, ailə psixoloqunun rəyi nəzərə alınmalıdır. Çünki ailə artıq böhranlı vəziyyətdədir. Təəssüflər olsun ki, bu gün Azərbaycan reallığında intihar təqlid modeli kimi yayılır. Reytinq arxasınca qaçan sosial medianın hazırladığı "şok olay", "şok görüntü" başlıqları, intihar edənin şəkli, bizim cəmiyyəti böyük bir fəsada salır. ABŞ-da xüsusilə də uşaqlar arasında intihar halları çoxdur. Ümumi proses onu göstərir ki, Azərbaycan reallığında bu gün intiharın yaşı sürətlə yenilənir. Çünki uşaqlar bu gün qloballaşma təsiri altındadır, dünyada gedən prosesdən kənar qalmırlar".
Cavid İmamoğlu kişilərin daha çox intihar etməsindən də danışıb: "İntiharda gender faktoru xüsusi rol oynayır. Azərbaycanda kişiyə aid stereotiplər var, məsələn kişi ağlamaz, dərdini danışmaz, kişi dözər, amma qadın ağlayar, dərdini paylaşar. Bu sosial təsirlər intihara da təsir edir. Bu miflər dağılmalıdır ki, intihar faktorları da fərqli olsun. Kişilər və qadınlar arasında mental xüsusiyyətlər də fərqlidir, genetik və sosial faktorlar da var. Azərbaycan kişisinin bu gün intihara meylli olmasının səbəbi sosial, iqtisadi faktordur".
Qonaq yeniyetmə intiharlarının qarşısını almağın mümkün olduğunu deyib: "Yeniyetmələr həyati bacarıqlara yiyələnə bilmir. Uşağın ətrafında elə mühit formalaşmalıdır ki, onun məktəbi, şəhərin, kəndin icrası, bələdiyyəsi, məktəbdənkənar müəssisələr hamısı elə bir şərait yaratmalıdır ki, uşaq stressi tək daşımasın. İnsan o zaman stressə düşür ki, qarşısına çıxan çətinliyi idarə edə bilmir. Uşaqların daxilindəki potensial ortaya çıxsa, uşaq hər bir prosesi zövqlə yaşayacaq. İntiharın səbəbləri qabardılmalıdır, intihar nəticədir. İntihar  sona qədər qarşısı alına biləcək fenomendir. Azərbaycan reallığında bu məsələləri həll eləmək çox asandır, çünki cəmiyyətimiz yardımlaşmağa meylli cəmiyyətdir. Bizdə olan ictimai ruh, Azərbaycan insanının mənəviyyatı, islamda olan dəyərlər intihara meylli yeniyetməyə təsir etmək üçün kifayətdir".
Ekspertin sözlərinə görə, intiharı edəcək şəxs əvvəldən bu barədə siqnallar verir: "Ətrafımızda  olan insanların intihara meylli olduğunu bir çox faktorlarla görə bilərik. Həmin insan yuxusuzluqdan əziyyət çəkə bilər, iştahasız, stressli olar. Ölmək istədiyini tez-tez dilə gətirə bilər. Bu kimi mesajları görəndə artıq valideynlər hərəkətə keçməlidir".

 

Mənbə: Milli.Az

22 yanvar 2016
GO BACK