Qadin.NET / 20 Yanvarı izləyən rus veteran: "Öz xalqımın adından utandım"

20 Yanvarı izləyən rus veteran: "Öz xalqımın adından utandım"

20 Yanvarı izləyən rus veteran: "Öz xalqımın adından utandım"
Rusiyada 20 Yanvar faciəsinin ildönümü hər il olduğu kimi bu il də diaspor təşkilatlarının keçirdiyi anım tədbirləri ilə qeyd edilib. 
ANS TV-nin məlumatına görə, tədbir Moskvada azərbaycanlıların Milli Mədəni Muxtariyyəti tərəfindən İstra şəhərinin Veteranlar Evində keçirilib. 20 Yanvar şəhidləri üçün ehsan süfrələri açılıb və dualar oxunub. Anım mərasimində rusların bu il daha çox iştirakı da gözdən qaçmayıb. Əksəriyyəti İkinci Dünya Müharibəsi və əmək veteranlarından ibarət olan tədbir iştirakçıları rus əsgərləri tərəfindən törədilən 20 Yanvar faciəsilə bağlı videoçarxı izlədikdən sonra uzun müddət o hadisələrin təsirindən ayrıla bilməyiblər. 
Müharibə veteranı İrina Sofonova videoçarxda gördüklərinin dəhşət olduğunu deyib: “Günahsız insanlara tankla hücuma keçərək gülləbaran etmək kimin ağlına gəldi? Mən öz xalqımın adından utandım və üzr istəyirəm. Bu vəhşiliyi o zamankı dövlət rəhbərlərimiz törədib. Aradan çox vaxt keçsə də bu faciə unudulmamalı və bunu Rusiyada hamı bilməlidir”. 
Tədbir təşkilatçısı Elşən İbrahimov isə qeyd edib ki, bu tədbirin keçirilməsi ilə bağlı onlara çoxları irad tutub. Çünki nümayiş olunan filmdə Moskvanın, rus ordusunun törətdiyi cinayət açıq-aşkar göstərilir. Ancaq buna baxmayaraq tədbirdə veteranlar, yerli əhalinin nümayəndələri çıxış etdilər və onlar öz xalqının etdiyi vəhşilikdən xəbərdar oldular. 
20 Yanvar faciəsinə Moskvada yaşayan həmvətənlərimiz də biganə qalmayıb. Faciə günü səhər saatlarından etibarən Azərbaycanın Rusiyadakı səfirliyinə gələn soydaşlarımız faciə qurbanlarını gətirdikləri çiçəklərlə anıblar.

Mənbə: ANS PRESS

21 yanvar 2016
GO BACK