Prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə ipoteka xətti ilə böyük tikinti layihələrinin icra edilməsinin vacibliyini vurğulayıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, prezident bildirib ki, əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur.
Bir müddət əvvəl də güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Amma şərtlərin çətinliyi və faizlərin yüksək olması əhalinin bu imkandan yararlanmasına mane olur.
Maneələrin aradan qaldırılması ücün prezident 27 oktyabr 2015-ci il tarixində verdiyi sərəncamla İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətini yaratdı.2015-ci ilin oktyabrına olan məlumata görə, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. 2014-ci ilin dövlət büdcəsindən Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fonduna 40 milyon manat, 2015- 2016-cı illərdə isə ipotekaya dəstək məqsədi ilə 50 milyon manat maliyyə vəsaiti ayrılıb.Dövlət başçısının bu dəfəki çıxışından da aydın oldu ki, hələ də problemlər tam həllini tapmayıb. İlham Əliyev qeyd edib ki, ipoteka layihələrinin həyata keçirilməsi prosesi hələ ki, kütləvi xarakter almayıb: "Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir".
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev açıqlamasınada bildirdi ki, ipoteka sahəsində inkişafa nail olmaq üçün ilk növbədə faizlər aşağı endirilməlidir.
"Çünki dünya praktikasında ipoteka 2 -3 %-dən çox deyil. Bizdə isə 8% -ə çatdırıblar. Bu isə ipoteka yox, kredit şərtlərinə uyğundur. Azərbaycanda ipoteka sektorunun canlandırılması üçün ilk növbədə faizlər endirilməlidir. Həmçinin ilkin ödəniş ləğv edilməlidir", - deyə iqtisadçı bildirdi.
Mənbə: Milli.Az