Qadin.NET / Azərbaycanda iqtisadi inqilab başlandı

Azərbaycanda iqtisadi inqilab başlandı

 

Azərbaycanda iqtisadi inqilab başlandı

"Devalvasiya qaçılmaz idi və bunun səbəbinin Azərbaycanın daxili vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, xaricdə formalaşan səbəblərdir".
Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxışında belə deyib.
Faktdır ki, indiki vəziyyətdə milli valyutamıza etimad müəyyən qədər azalıb. Biz bu etimadı bərpa etməliyik. Manat sabit valyutadır. On il ərzində - 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki, hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olubdur.Dövlət başçısı Azərbaycandakı gedən və əslində heç bir məntiqi əsası olmayan dollarizasiya prosesindən də danışıb.

 

O, deyib: "Bəzi ölkələrin devalvasiyaya uğrayan valyuta bazarına nəzər salsaq görərik ki, orada dollarizasiya getmir. Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranıb. Özü də bu ajiotaj yenə də başqa ölkələrdə baş verən proseslərlə bağlı idi. Məsəl üçün, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəli misal kimi gətirilə bilər. O vaxt Azərbaycanda manatla bağlı heç bir problem yox idi. Qonşu ölkələrdə milli valyutalar dəyərdən düşürdü. Əfsuslar olsun ki, bizdə bəzi qurumlar və insanlar bu vəziyyəti Azərbaycan reallıqlarına da keçirməyə cəhd etmişdilər. Ondan sonra - keçən ilin yay aylarında valyuta bazarında müsbət meyillər müşahidə olunmağa başlamışdır. Bu da təbii idi.

Çünki görülən tədbirlər bunu diktə edirdi. Ancaq yenə də bəzi qonşu ölkələrdə milli valyutalar kəskin şəkildə aşağı düşdü və dərhal Azərbaycanda ajiotaj yarandı. Ona görə indiki vəziyyətin yaranmasında Azərbaycan daxilində baş verən heç bir amil yoxdur. Bütün bu amillər kənarda formalaşıb. Neftin qiymətinin düşməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası əfsuslar olsun ki, Azərbaycanda da valyuta bazarında panika, ajiotaj yaradıb.

Dollara qarşı bütün valyutaların ucuzlaşması prosesi gedir. Hətta avro da öz dəyərini saxlaya bilmədi, təxminən 30 faiz ucuzlaşdı. Ona görə manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil. Əlbəttə, burada islahatlar dərinləşəcək, əlavə addımlar atılacaq. Amma vətəndaşlar da hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər. Bu halda əminəm ki, manata inam bərpa olunandan sonra biz bu vəziyyətdən ən az itkilərlə çıxa biləcəyik".Banklara yardım ediləcək

Ölkə iqtisadiyyatının və ümumilikdə maliyyə sisteminin böhrandan çıxarılması üçün ən vacib şərtlərdən biri bank sektorunun fəaliyyətinin normallaşdırılması, zəfi bankların birləşməsi və iri bankların süni inhisar yaratmasına imkan verilməməsi şərtilə situasiyanın stabilləşdirilməsidir.
Zəif banklar dedikdə problemlərlə qarşılaşmış strukturların ləğvi və ya sıradan çıxarılması, onların fəaliyyət lisenziyalarından məhrum edilməsi nəzərdə tutulmur. Tam əksinə, vətəndaşların və şirkətlərin maliyyə durumlarına zərbə vurmamaq üçün belə banklara yardımlar ediləcək, onlar "sağlamlaşdırılacaq".Eyni zamanda, əmanətlərin sığortalanması ön plana çəkiləcək. Bankdakı hesaba və ya hesablara pulunu yatırmış hər vətəndaş vəsaitinin itməməsindən dolayı tam əmin olmalıdır.

Dövlət başçısı bununla bağlı Nazirlər Kabinetinə tapşırıq verib. Əmanətlərin sığortalanması sahəsindəki mövcud problemlər ən yaxın vaxtlarda həllini tapmalıdır.

Böyük özəlləşdirmə başlanacaq

Dövlət başçısı bu gün keçirilən iclasda söylədi: "Geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir. Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar.

Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artıb. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər".
İqtibası belə geniş verməkdə məqsədim ölkə iqtisadiyyatı üçün olduqca əhəmiyyətli prosesin açıqlandığını nəzərə çatdırmaqdır.
Azərbaycan  iqtisadiyyatında misli görünməmiş inqilaba başlanır.İqtisadi siyasət radikal şəkildə, geniş miqyasda dəyişir.

Ölkə prezidentinin çıxşından bəlli olur ki, əcnəbi ekspertlərin cəlb olunması şərtilə özəlləşdirmə, dövlət istiqrazlarının buraxılması və beynəlxalq təşkilatlardan güzəştli inkişaf kreditlərinin alınması nəzərdə tutulur.
Beynəlxalq praktikada adi hallardır və Səudiyyə Ərəbistanı, Norveç kimi çox böyük neft satıcıları olan dövlətlər də bəhs etdiyi addımları rahatlıqla atırlar.
Xarici maliyyə bazarlarından valyutanın cəlb edilməsində problem yoxdur. Tam əksinə, ölkə iqtisadiyyatının antiböhran vektoru istiqamətində sürətli irəliləyişinə, qeyri-neft sektorunun inkişafına ciddi təkan veriləcək.

Hansı qurumlar özəlləşəcək?

Özəlləşdirilərək dövlət nəzarətindən çıxarılacaq qurumların və strukturların siyahısı hələlik ilkin hazırlıq mərhələsindədir. Lakin şübhə yoxdur ki, həmin siyahıda ilk yerləri hazırda çoxsaylı əməkdaşlara malik, amma fəaliyyəti yetərincə effektiv olmayan, debitor borclarının həcmi yüksək strukturlar tutacaqlar. Qlobal maliyyə böhranı və dünya bazarlarında xam neftin ucuzlaşmasının məngənəsinə düşmüş Azərbaycan iqtisadiyyatının mümkün qədər qısa müddətdə problemlər arasında ən ağırlarından qurtulması üçün belə dövlət aktivlərinin, iri və qapalı tipli səhmdar cəmiyyətlərin yerli və xarici investorlara satılmasına ehtiyac duyulur.

Beləliklə, özəlləşdirmədə ilk yerləri "Azərenerji", "Azərsu", "Azəristliktəchizat", "Azəraliminium" tutur. Dövlət büdcəsinə milyardlarla manatlıq borcu olan sözügedən strukturların fəaliyyətində effektivlik əmsalını artırmaq olar. Eyni zamanda, həmin strukturların xarici borclarının ödənişləri məqsədilə dövlət büdcəsindən hər il yüz milyonlarla manatın sərf edilməsi də dayandırılmalıdır.
SOCAR-ın özəlləşdirilməsi ehtimalı minimum olsa da, "Azəriqaz"ın səhmlərinin satışa çıxarılması və ya bu qurumun özəlləşdirilməsi istisna deyil.
Ölkədə başlanan islahatlar nəticəsində ləğv olunacaq, başqa quruma birləşdiriləcək strukturların əmlaklarının da özəlləşdirilə biləcəyini də xatırladım.Özəlləşdirmə prosesinin, dövlət aktivlərinin satılmasının müəyyən qrupların varlanma mənbəyinə və işbazların tamah obyektinə çevrilməməsi üçün çox sərt nəzarətin həyata keçirilməsi, prosesin ictimai nəzarət altında və şəffaf aparılması nəzərdə tutulub.

Beləliklə, dotasiyalar və büdcə ayırmaları hesabına yaşanan aktivlərdən qurtulmaqla dövlət aparıcı, iqtisadiyyatıni ayrı-ayrı sektor və seqmentlərinin fəaliyyətini istiqamətləndirən strukturlarda effektiv idarəetməni, ən mühümü məxaricdən mədaxil səviyyəsinə çıxış təmin edəcək.
İqtisadiyyatda dövlətin nəzarət funksiyaları toxunulmaz qalsa da, müdaxilələr azaldılır, liberallaşma, özəl kapitalın və sahibkarlığın güclənməsi, bazar münasibətlərinin bərqərarı sürətləndirir.
Dünya təcrübəsi də göstərir ki, köklü, genişmiqyaslı iqtisadi islahatlar da məhz dövlət aktivlərinin özəlləşdirilməsinin aktivləşdirilməsi ilə başlanır.
Azərbaycanda da bu prosesin başlanmasına az qalıb.
Çox az.

Xaricdən asanlıqla borc ala bilərik

Azərbaycan iqtisadiyyatının vəziyyəti çox möhkəmdir və müsbətdir. Bütün iqtisadi göstəricilər bunu göstərir. Hətta böhranlı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı artıb, kənd təsərrüfatı təxminən 7i faiz artıb.
Ölkənin valyuta ehtiyatları yaxşı səviyyədədir və Azərbaycan valyuta ehtiyatlarını qoruyur. Üstəlik, xarici borclarımızın səviyyəsi çox aşağıdır - ümumi daxili məhsulun (ÜDM) təxminən 12 fiazi civarında. Devalvasiyadan əvvəlsə bu göstərici 10 faizdən də az idi.
Ölkə iqtisadiyyatının dayanıqlığı, hakimiyyətin çox ciddi və genişmiqyaslı islahatlara başlamaqda qərarlı olması, üstəlik də xarici borcun aşağı səviyyədə olması Azərbaycana xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını cəlb etməyə imkan verir.Təbii, Azərbaycanın xaricit borcunun artmasını istəməzdim. Fəqət, inkişaf etmiş ölkələrdə - məsələn, Fransa, Yaponiya, Almaniya və ya İsveçdə - xarici borcun bəzən ÜDM-ə çatmasını, ABŞ-da isə ÜDM-ə bərabər olasınnı xatırlasaq, xarici bazarlardan əlavə valyuta resurslarının cəlb edilməsi, beynəlxalq maliyyə təşkilatlarından aşağı faizlik kreditlərin alınması Azərbaycan üçün heç bir ciddi problem yaratmayacaq.

Alınan pulları ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafvna yönəltmək olar və ölkə rəhbərliyinin strategiyası da məhz bundan ibarətdir.

Ev almaq istəyirsiniz? İşiniz rahatlaşır

Azərbaycanın tikinti sektorunda hələ də anormal vəziyyət hökm sürür. Burada o qədər icazələr tələb olunur, burada o qədər ağırv ə ciddi pozuntular var ki, onların qarşısı dərhal alınmalıdır.

Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər - bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır.

Prezident İlham Əliyev bu gün keçirdiyi toplantıda çox konkret danışdı: "Ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?!Burada, əlbəttə ki, biz ilk növbədə iş adamlarının fəaliyyətini gözləyirik. Eyni zamanda, ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses hələ ki kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir. Biz nə etməliyik ki, ipoteka xətti ilə tikiləcək bu binaların inşasını sürətləndirək?!"

Göründüyü kimi, ipoteka krediti vasitəsilə ev və ya mənzil almaq istəyənlərin hazırda üzləşdikləri problemlər, xüsusilə də çox yüksəık bank faizləri və süründürməçiliyə son qoyulması ilə bağlı qəti tədbirlər planı hazırlanır.

Ev almaq, mənzil sahibi olmaq istəyənlərin məqsədlərinə çatmaları üçün zəruri addımların atılması nəzərdə tutulub.
O addımların arasında ilk mərhələ bakn faizlərinin aşağı salınması, xüsusilə də kreditlərin manatla verilməsinin təminatıdır.
Çünki ipoteka kreditlərinin istinasız olaraq hamısı dollarla verilərsə, bu, həm ölkə iqtisadiyyatının dollarizasiyası kimi mənhus təmayülü gücləndirəcək, həm də ipoteka krediti almaq istəyən vətəndaşları fikrindən döndərəcək.
Qlobal maliyyə böhranı şəraitində milli valyutası dollar olmayan istənilən ölkədə dollar krediti almaq riskli işdir. Azərbaycan da istisna deyil və məhz bu səbəbdən də dövlət başısı ipoteka sahəsində durğunluğun aradan qaldırılması ilə bağlı göstəriş verdi.

Sahibkarlara verilən kreditlər artırılacaq

Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. Onların da vəsaitlərini nəzərə alsaq, iqtisadiyyatın real sektoruna, o cümlədən regionlarda qoyulacaq investisiyaların həcmi təqribən 1 milyard manata yaxın olmalıdır. İqtisadiyyat Nazirliyi 1 milyard 500 milyon manat həcmində investisiya layihələrini tərtib edib, hazırlayıb. Bu layihələr tezliklə icra edilməlidir.
Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət - bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifə bundan ibarətdir.

Beləliklə, qeyri-neft sektorunun inkişafı imkan verəcək ki, biz idxaldan asılı olmayaq. Belə olan halda qiymətlərin tənzimlənməsi də lazımi səviyyədə təmin ediləcək. Ancaq biz özümüzü unla, taxılla tam təmin edə bilmirik.  Ona görə müəyyən dərəcədə problemlər yaranır. Ancaq bu gün yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərməlidir.

Bir sıra dövlət qurumları ləğv olunacaq

Azərbaycanda həm də  dövlət idarəetmə və icra orqanlarında struktur islahatlarına başlanıb. İlk addımlar atılıb, bir sıra idarələr və komitələr ləğv olunub. Amma bu proses müvəqqəti olmamalı, kampaniya xarakteri daşımamalı, məntiqi sonuc əldə olunanadək davam edirilməlidir.
Çevik, operativ fəaliyyət göstərməyən, səmərəsi az dövlət orqanları ləğv olunmalı, bu sturkturlarda çalışan şəxslər işsiz qalmamalı, onlar başqa işlə təmin edilməlidir.

Bir-birlərini təkrarlayan və ya müstəqil fəaliyyətinə ehtiyac duyulmayan dövlət təşkilatları mütləq şəkildə ləğv olunmalı, ya da analoji quruma birləşdirilməlidir.

Sosial siyasətə yüz milyonlarla manat

Azərbaycandakı bu çətin durumda vətəndaşların sosial müdafiəsi məsələsi ön plana çıxır. Dövlət başçısının qərarı ilə pensiyaaların və əmək haqlarının məbləğinin 10 faiz artırılması da bəhs etdiyim qəbildən olan ilk addımdır.
Fəqət, unutmayaq ki, hər bir normal dövlət kimi, Azərbaycan da ayağını yorğanına görə uzadır, populist sosial siyasət yürütmək əvəzinə düşünülmüş və səbatlı strategiyanı həyata keçirir.

Ona görə də indiki böhran şəraitində pensiyalarla əmək haqlarının baza stavkasının qaldırılması çox ciddi sosial addımdır, hakimiyyətin güclü sosial siyasətinin təzahürüdür.
Sosial sferaya dövlət büdcəsindən yüz milyonlarla manat sərf olunacaq və istisna edilmir ki, ilin sonunadək maaşlarla pensiyaların növbəti dəfə artırılsın.Və...

2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşiblər. Üstəlik, neftin ucuzlaşması davam edir.
Son ildə neftin qiyməti 4 dəfə ucuzlaşıb.
Belə şəraitdə Azərbaycan hakimiyyətini tənqid edənlər, xaricdən idarə olunan marionetkaların absurd çağırışlarına fikir versəniz, sırf demaqogiyanı, bəsit mizantropiyanı görərsiniz.

Bu adamlar Azərbaycanda vəziyyətin ən azı Sinqapur və ya Malayziyada olmasını istəyirlər.
Onlar reallıq hissini unudur, Azərbaycanın ərazilərinin 20 faizinin işğal altında olduğu, müharibə vəziyyətindəki dövlət kimi işğalçının sürəkli provokasiyalarına cavab verdiyini, müdafiə xərclərini daim yüksək səviyyədə saxlamaq məcburiyyətində qaldığını nəzərə almaq istəmirlər.
Bilərəkdən, çünki ölkədəki vəziyyəti gərginləşdirməyə çalışırlar.

Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidir. Dövlətin bu istiqamətdə çox ciddi proqramı var.
Azərbaycan bu böhranlı vəziyyətdən də ən az itkilərlə çıxmağı bacaracaq və çıxacaq da.

Mənbə: Milli.Az

19 yanvar 2016
GO BACK