Qadin.NET / Nikahdankənar doğulan uşaqların soyad problemi

Nikahdankənar doğulan uşaqların soyad problemi

Nikahdankənar doğulan uşaqların soyad problemi
"Azərbaycanda qanunvericilik qeyri-rəsmi nikahdan doğulan uşağa anasının soyadının verilməsinə imkan verir. Amma bir çox analar bu cür uşaqların daha çox öz doğma atalarının soyadında qeydiyyata alınmasını istəyirlər. Bu da ciddi problemlər yaradır". Milli.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Komitəyə belə hallarla bağlı müraciətlərin daxil olduğunu deyən T.İbrahimov qeyd edib ki, Azərbaycan qanunvericiliyində rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabər olsa da, təcrübədə müəyyən çətinliklər ortaya çıxır.Bu çətinliklərin məhz rəsmi nikahın olmaması səbəbindən yarandığını deyən komitə rəsmisi əsas problemin nikahdankənar doğulan uşaqların atalığının müəyyən olunması ilə bağlı olduğunu açıqlayıb: "Komitəyə bu məsələ ilə bağlı çox müraciətlər daxil olur. Biz görürük ki, qadınlar bu cür uşaqlarla bağlı müəyyən çətinliklərlə rastlaşırlar. Təbii ki, qanunvericilik yol verir ki, həmin uşaq anasının soyadında qeydiyyata alınsın və ona doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı ananın soyadı kimi müəyyən olunsun. Ata qrafasında isə ananın göstərişi ilə atanın adı yazılsın. Ancaq bir çox analar uşaqlarına öz soyadlarını deyil, uşağın atasının soyadını vermək istəyirlər".T.İbrahimova əlavə edib ki, bəzən atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadlarını vermək istəmirlər. Kişilərin öz uşaqlarına soyad verməsindən imtina etməsinin əsas səbəbi alimentlə bağlı olur: "Bəzi atalar məhkəmə vasitəsilə öz uşaqlarından imtina edirlər. Belə hallar çoxdur. İmtinanın səbəbi kimi də göstərirlər ki, uşaqlarına görə alimentin təyin olunmasını istəmirlər. Digər tərəfdən, sabahkı gündə varislik məsələsi də ortaya çıxa bilər. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək".Komitə səlahiyyətlisi bildirib ki, insanlar belə halların baş verməməsi üçün daha ciddi, məsuliyyətli olmalı, qeyri-rəsmi nikahdan uşaq doğulmasının sonradan hansı fəsadlar yarada bilməsini başa düşməli, rəsmi nikah əsasında ailə qurmalıdırlar: "Bu gün Azərbaycanda kəbin əsasında ailə quranlar da var. Hətta bəzi şəxslərdən rəsmi nikaha daxil olduğunu soruşanda, kəbin əsasında ailə qurduqlarını deyirlər. Bu kəbinlərin fərqləndirilməməsi insanlarda müəyyən problemlər yaradır. Bu istiqamətdə geniş maarifləndirmə işləri aparırıq. Bizim təbliğatımız da əslində bundan ibarətdir ki, ailələri bu sahədə maarifləndirək və onlara problemləri göstərək".Qeyd edək ki, Azərbaycanda 1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edərək 27 031-ə çatıb. Bu göstərici isə 1990-cı illə müqayisədə 5,6 dəfə çoxdur. Sonrakı iki ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalaraq 2013-cü ildə 25 069, 2014-cü ildə isə 25 486 olub.

Mənbə: Milli.Az

 

14 yanvar 2016
GO BACK