Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Mərkəzi Aran və Aran Qarabağ bölgəsinə yağan qar fonunda havaların şaxtalı keçməsi fermerlərin işini asanlaşdırıb. Fermerlər bildirirlər ki, ötən il Yevlax Bitki Mühafizə Mərkəzinin əməkdaşları bölgədə kimyəvi mübarizə tədbirləri aparsalar da, siçanabənzər gəmiriciləri tamamilə məhv etmək mümkün olmayıb. Fermerlərin sözlərinə görə, soyuq hava meyvə bağlarında və taxıl sahələrində zərərvericilərin məhv olmasına əhəmiyyətli təsirini göstərib.
Hümbət Orucov - fermer: "Burda gəmiricilər çox olur. Bu il də hədsiz dərəcədə gəmirici var idi. Bunun elə ən böyük xeyri o olacaq ki, gəmiricilər məhv olacaqdı. Ondan başqa gəmiricilərdən əlavə yenə də müəyyən qədər zərərverici həşəratlar var ki, onlar məhv olacaq. Ağacların üzərində müəyyən qrup həşəratlar çox güman ki, bu dondurmalardan sonra onlar da məhv olacaq".Mütəxəssislər bildirirlər ki, qar örtüyünün bir neçə gün torpaqda qalması xüsusilə faydalıdır. Amma şaxtalı havanın xeyiri ilə yanaşı, ziyanlı tərəfləri də var. Mütəxəssislər və fermerlər şaxtanın gec əkilən birillik bitkilərin inkişafını az da olsa ləngidəcəyini deyirlər.Vüqar Mahmudov - Yevlax Bitki Mühafizə mərkəzinin rəisi: "Hava şəraiti şaxtalı davam etdikdə sahələrdə qar örtüyü qalır və burdan torpaqda nəmlik yaranır. Torpağa verilən mineral gübrələr torpaqda digər maddələrə qarışaraq bitki bunu tez mənimsəyir və bitkinin məhsuldarlığının çoxaldılmasına gətirib çıxarır. Yəni təkcə siçanabənzər zərərvericilərə aid deyil, bitkinin inkişafına da müsbət təsir göstərir".Hümbət Orucov - fermer: "Müəyyən dərəcədə taxıldı, arpadı, payızlıq səpinin inkişafını müəyyən dərəcədə ləngidir, amma o ləngiməyə baxmayaraq, o xeyirli tərəfləri ziyanlı tərəfindən daha çoxdur".Mütəxəssislər ilin əvvəlində yağan qarın bol məhsul əldə etməyə imkan verəcəyini deyirlər.
Mənbə: Milli.Az