Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib. FHN-dən ANS PRESS-ə verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib.
Məlum olub ki, meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.
Saat 15:48
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır. Cəsədin üzərində olan xüsusi geyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Saat 15:25
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində
İtkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib. Bu haqda Azərbaycan tərəfinə məlumat verilib.
Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Mənbə: ANS PRESS