Dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması ölkənin tədiyyə balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib.
ANS PRESS-in məlumatına görə, bu fikri ölkə başçısı yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə naziri bildirib ki, qlobal iqtisadi proseslərin ölkənin iqtisadi inkişafına mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır: "Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən dövlətlərin timsalında da görə bilərik.
Qlobal kredit reytinq agentlikləri Azərbaycanda gedən iqtisadi prosesləri yaxından izləyir. Sevindirici haldır ki, agentliklərin üçü də - “Standard & Poor's.”, “Moody's” və “Fitch” kredit reytinq agentlikləri ölkəmizin uzunmüddətli yerli və xarici valyutada reytinqlərini investisiya səviyyəsində saxlayıblar.
Neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir".
Maliyyə naziri bildirib ki, bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir:
"Bu zaman manatın məzənnəsinin enməsi ilə əlaqədar gündəlik tələbat malları qiymətlərinin inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin Sizin tapşırığınıza əsasən həyata keçirilməsi planlaşdırılır".
Mənbə: ANS PRESS