Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim, son vaxtlar dializ qəbul etməklə yaşayırdı.
Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1967-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub və 1972-ci ildə ali təhsilini başa vurub.
Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildən “Azərkitab” sistemində müxtəlif vəzifələrdə işləməklə başlayan Zəlimxan Yaqub 1975–1982-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində redaktor, şöbə müdiri, 1982–1992-ci illərdə isə “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.
Dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazılmış şeirləri şairin poetik təfəkkürünün məhsulu kimi öz xəlqiliyi, rəvanlığı, milli koloriti ilə səciyyələnir və böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları yaradıcılığının zirvəsini təşkil edir. Onun “Əbədiyyət dastanı” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər arasında xüsusi yer tutur.
Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Poeziyasının dilinə xas olan şeiriyyat və axıcılıq Zəlimxan Yaqubun əsərlərinə bəstəkar və aşıqların müraciət etmələri üçün zəmin yaradıb.
Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.
Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Mənbə: ANS PRESS