Tanınmış milyarder və birja maxinatoru Corc Soros bütün dünyada yaşanan maliyyə problemlərini şərh edib. ANS PRESS-in məlumatına görə, 85 yaşlı biznesmen birjaların hazırkı vəziyyətinin 2008-ci il dünya iqtisadi böhranını xatırlatdığını deyib. Soros həmçinin, Çin iqtisadiyyatında problemlər olduğunu, bunun dünya iqtisadiyyatının qarşısındakı maneə olduğunu qeyd edib.
Çinin qiymətli kağız bazarları yeni ticarət sessiyasına başlayar-başlamaz növbəti dəfə “uçurumla” üzləşib. Ölkədə səhmlərin qiyməti 7 faizdən çox ucuzlaşdığından, bazar nizamlayıcısı ticarət sessiyasını yarımçıq dayandırıb. Bu artıq Çin birjasında bir həftə ərzində baş vermiş ikinci belə hadisə olub. Bu çərçivədə Çinin Xalq Bankı yuanın ABŞ dollarına nisbətdə kursunu 0,51% aşağı salıb. Bununla da 1 dolların kursu 6,5646 yuan təşkil edib. Qeyd edək ki, bu 2011-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.
2008-ci ildə isə Amerika Birləşmiş Ştatlarında (ABŞ) ev krediti götürən şəxslərin borclarını qaytara bilməməsi qlobal iqtisadi böhrana səbəb olmuşdu. Avropa Birliyində də borc böhranının başlaması ilə dünya, təsirləri bu gün də hiss edilən iqtisadi durğunluq dövrünə daxil olmuşdu.
Mənbə: ANS PRESS