2016-cı ilin ilk günlərində dünya bazarlarında neftin qiyməti “aşağıya yuvarlanmağa" davam edir. ANS PRESS-in məlumatına görə, "Brent" markalı xam neftin qiyməti 4.2 faiz ucuzlaşaraq son 11 ildə rekord aşağı qiymətə 34.88 dollara satılır. "West Texas" markalı neftin bareli isə 5.4 faiz ucuzlaşaraq 34 dollara düşüb.
Tarixən OPEK, bazar qiymətlərini yüksək saxlamaq üçün istehsalatı azaldırdı. Ancaq bu il neft ixrac edən ölkələr təşkilatının əsas üzvü Səudiyyə Ərəbstanının təşəbbüsü ilə, OPEK hasilat həcmini azaltmaqdan imtina edib.
Şiə dini xadiminin edamından sonra Səudiyyə krallığı ilə İran İslam Respublikası arasında yaranan gərginlik, gələcəkdə hasilat kvotalarının aşağı salınması ilə bağlı gözləntiləri demək olarki heçə çıxarır. 2014-cü ilin ortalarından bəri neftin qiyməti bazar təklifinin həddindən artıq çox olması ilə əlaqədar 70 faiz aşağı düşüb. Bu həm də başlıca olaraq ABŞ-da hasilatı daha ucuz başa gələn şist neftinin dünya bazarlarına “sel kimi axın” etməsiylə əlaqədardır.
OPEK hesab edir ki, qiymətin süni şəkildə ucuzlaşmasına təsir etməklə, amerikalı şist neft istehsalçılarını bazardan sıxışdırmağa nail olacaq və sonradan 2020-ci ilə kimi bir barelin qiyməti yenidən 70 dollara qalxacaq.
Bazar tələbinin azalmasına təsir göstərən digər faktor Avropa və Çində iqtisadi inkişaf tempinin zəifləməsidir. Goldman Saks qurumu qiymətlərin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırsa da, əksər analitiklər qeyri-Opek ölkələrinin ixracatı azaltması və digər amillərlə əlaqədar ilin ikinci yarısında qiymətlərin sabitləşəcəyini proqnozlaşdırır.
Mənbə: ANS PRESS