Qadin.NET / Ali məktəblərə ödənişli qəbul yerləri ləğv ediləcək

Ali məktəblərə ödənişli qəbul yerləri ləğv ediləcək

Ali məktəblərə ödənişli qəbul yerləri ləğv ediləcək
Gələn ildən ali məktəblərdə ödənişli əsaslarla olan plan yerləri ləğv edilə bilər. Bu barədə ANS PRESS-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. 
Onun sözlərinə görə, söhbət ödənişli qəbul yerlərinin ləğvindən gedir. Yeni mexanizm bütün ölkə üzrə tətbiq olunacaq. Prosedurun necə, hansı şəkildə aparılacağı hazırda müzakirə olunur:
"Bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə - dövlət sifarişi və ödənişli əsaslarla formalaşır. Yeni qaydalara əsasən, şərti adı A olan universitet ödənişli qəbulla 50 nəfər qəbul edə bilirdisə, növbəti ildən həmin universitetin infrastruktur, müəllim heyəti, tədris proqramları, innovasiya keyfiyyəti, idarəetmə çevikliyi imkan verərsə, bu say arta bilər və limit həmin keyfiyyətə görə müəyyənləşə bilər. Nəticə etibarı ilə həmin A universiteti 50 nəfər deyil, daha çox tələbə qəbul edə bilər".Yeni mexanizmin tətbiqi zamanı ali məktəblərin müəyyən dövlət standartlarına uyğun olub-olmadığı, təhsil müəssisəsinin nə qədər tələbə qəbul edə bilmə imkanı və tələbənin ali məktəbə getmək istəyi nəzərə alınacaq.
Xarici təcrübəyə nəzər salsaq görərik ki, bir sıra Avropa ölkələrində bu sistem tətbiq olunmazdan əvvəl ali təhsil müəssisələri akkreditasiya prosesindən keçirlər. Akkreditasiya prosesində isə dövlət standartları mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya, kitabxana fondu var, bu və ya digər ixtisasın açılması və tədris olunması üçün bu sahə üzrə nə qədər kafedra, kafedralarda işləmək üçün hansı səviyyəli elmi dərəcəli kadrları var. Bu kriteriyalar nəzərə alınmaqla, bu və ya digər ali təhsil müəssisəsi tərəfindən öz potensialına uyğun olaraq tələbə qəbulu aparılacaq.

Mənbə: ANS PRESS

28 dekabr 2015
GO BACK