ANS PRESS-in məlumatına görə, artıq baş verən devalvasiyadan sonra bayram səyahətinin ailə büdcəsinə baha başa gələcəyini görən bəzi insanlar aldıqları tur paketləri geri qaytarmaq məcburiyyətində qalıblar.
ANS PRESS-in əlaqə saxladığı tur agentliklərin əksəriyyəti bu faktı təsdiqləyərək, dekabrın 21-dən, yəni devalvasiya baş verən gündən bəri müştərilərin müəyyən faizinin hətta artıq ödəniş olunan turlardan belə imtina etdiklərini bildirdilər.
Turizm agentliklərinin əməkdaşlarından verilən məlumata görə, əsasən Fransa, İtaliya kimi Avropa ölkələrinə, eləcə də Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliyinə getmək arzusu olan bəzi insanlar dolların “şıltaqlığı”ndan sonra bu istəklərinin üzərinə xətt çəkməli olublar. Belə ki, müştəri hətta pulunu ödədiyi turla xarici ölkəyə səfəri reallaşdıra bilsə də, yəni uçuş, viza, hoteldə qalmaq məsələləri həll olunsa da, orda gəzməli-görməli yerlərə getmək, alış-veriş etmək üçün devalvasiyadan əvvəlki vaxtla indiki vəziyyəti müqayisə etdikdə xeyli artıq məbləğdə vəsait xərcləməlidir. Bu baxımdan gəlir-çıxarını fikirləşən insanlar bəri başdan ziyandan geri qayıtmağa qərar verir.
Amma tur paketlərin geri qaytarılması da müəyyən cərimələr hesabına mümkün olur. Çünki tur paketləri xarici ölkələrdən alan turizm agentlikləri də üzərlərinə düşən ziyanı müəyyən qədər kompensasiya etmək üçün geri qaytarılan paketlərə cərimə tətbiq edirlər. Cərimənin məbləği isə gediləcək tarixdən, uçuşu həyata keçirən aviaşirkətin qaydalarından asılı olaraq dəyişir. Məsələn, geri qaytarılan elə biletlər var ki, müştəri onun qiymətini tam, eləsi də var yarısını ödəməlidir.
Tarixə görə cərimələrə gəlincə, bəzi tur agentliklər məsələn, gediləcək tarixə 5 gün qalan müddətdə müştəri imtina edirsə, bu zaman ona güzəşt edir və cərimə tutmurlar. Amma tur paketdən imtina üçün 5 gündən az qalmış vaxtda müraciət edilirsə, onda müştəri minimum 100-150 avro (109-165 dollar, 170-256 AZN) məbləğində cərimə edilir.
Bəzi agentliklərdən isə bildirdilər ki, vaxta az qaldığından, imtina üçün müraciət edən müştərilərə cərimə olaraq tur paketin tam qiymətini ödəmək tələb olunub ki, bundan sonra bəzi insanlar məcburən onu almağa qərar verib.
Uzun müddətdir xaricə tur təşkil edən agentliklərdən birinin rəhbəri Gülnar Eyvazova ANS PRESS-ə açıqlamasında devalvasiyanın ən ciddi təsir etdiyi sahələrdən birinin məhz tur agentliklər olduğunu vurğuladı. Onun sözlərinə görə, rəhbərlik etdiyi agentlik məhz bu səbəbdən böyük ziyana düşüb:
“Biz devalvasiyaya qədər tur paketləri milli valyuta ilə, manatla alırdıq. Buna görə çox ziyana düşdük və çalışdıq ki, bunu öz hesabımıza ödəyək. Amma bütün turizm agentlikləri artıq qərar veriblər ki, xarici tur paketləri yalnız dollarla alsınlar. Bu zaman da qiymətləri qaldırmalı oluruq ki, bu da müştərilərə sərf etmir. Çox acınacaqlı vəziyyət yaranıb, gözləyirik ki, hadisələrin gedişi necə olacaq?”
Mənbə: ANS PRESS