Qadin.NET / "Günəşli" neftçisinin meyiti ailəsinə verildi

"Günəşli" neftçisinin meyiti ailəsinə verildi

"Günəşli" neftçisinin meyiti ailəsinə verildi
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin - neftçi Qasımov İman Şura oğlunun cəsədi ailəsinə təhvil verilib. O, bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində dəfn olunacaq.
Bu barədə mərhumun oğlu İlham Qasımov ANS PRESS-ə məlumat verib. "Atamın cəsədini götürmüşük. Hazırda məsciddəyik. Atam Lökbatan qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimi saat 12 radələrində olmalıdır", - deyə neftçi İmanın oğlu vurğulayıb. 
Qasımov İman Şura oğlunun cəsədi ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb və meyit Bakıya gətirilib. Allah rəhmət eləsin!

Adıçəkilən neftçi faciə baş verən gün həyat yoldaşına yazdığı mesajla bütün ölkəni göz yaşlarına boğmuşdu. İman Qasımov qəzadan sonra yaşadığı fəlakətli anlarda xanımı Arzu ilə vidalaşıb, ondan “uşaqlara böyüklük etməyi” xahiş edib. Daha sonra isə heç bir suala cavab verməyib.
ANS-in efirində yayımlanan “Deməsək olmaz” verilişinə danışan Arzu Qasımova bildirib ki, Xəzərdə küləyin gücləndiyini görən neftçi yoldaşına şeir parçası da göndərib.
Dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub. 
Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Mənbə: ANS PRESS

28 dekabr 2015
GO BACK