Qadin.NET / Ehtiyatlı olun! Bu virus qripdən də tez yayılır...

Ehtiyatlı olun! Bu virus qripdən də tez yayılır...

Ehtiyatlı olun! Bu virus qripdən də tez yayılır...
Virusdan yaranan xəstəliklər dedikdə ağla ilk olaraq qrip gəlir. Əslində isə viruslar kəskin xəstəliklərə səbəb olur ki, bundan da əziyyət çəkənlər daha çox uşaqlar və ya immuniteti zəif insanlardır. Bakteriyalar normal mikroskopla göründüyü halda virusların normal mikroskopla görünməsi mümkün deyil. Ona görə də viruslar bakteriyalardan daha təhlükəlidir. Virus xəstəliklərinin sağalma müddəti isə 3-25 gün arası çəkir.
Belə xəstəliklərdən biri el arasında "svinka" kimi tanınan epidermik parotit virus infeksiyasıdır (qulaqdibi). Bütün dünyada yayılan bu virus keçicidir. Əsasən qış aylarının sonunda artan virusa uşaqlar daha meylli olurlar. 5-10 yaş arasında olan uşaqlarda müşahidə edilən qulaqdibi 20 yaşdan yuxarı insanlarda da yarana bilər. Virusa yoluxan insanın hər iki, yaxud bir qulağında boyundan başlayaraq qulaq altına qədər şişkinlik müşahidə olunur.
Qulaqdibi virusa bağlı bir xəstəlikdir. Qulaq ətrafında olan tüpürcək vəzilərinin şişməsi ilə meydana çıxan virus qulaqda ağrıya və boyunun sıxılmasına səbəb olur. Tüpürcək kanallarının ətrafı qalınlaşır, infeksiyanın yayıldığı vəzi tamamilə qanla dolur. Xəstəlik sağalmağa doğru getdikcə xəstəlik müddətində ölən hüceyrələr özünü yeniləməyə başlayar.
Pediatr Xatirə İsayevanın sözlərinə görə, qulaqdibi qripdən də tez yayılan bir xəstəlikdir. Çünki virusa yoluxanda bunu hiss etmək olmur. Qulaq ətrafı şişəndə isə artıq xəstə ətrafındakıları virusa yoluxdurmuş olur. Qulaq ətrafının şişməsindən 10 gün əvvələ qədər və şişin tam yox olduğu günə kimi virusun sağlam insana keçmə ehtimalı var: "Virusun insandan insana keçməsi çox asandır. Danışmaq, asqırmaq, öskürmək, yaxud xəstə insanın ağız suyunun dəydiyi qaşıq, dəsmal və bu kimi əşyalarından istifadə etmək virusun keçməsinə şərait yaradar. Ağız, burun, göz yoluyla bədənə daxil olan virus qan vasitəsilə bütün bədənə yayıla bilir. Əvvəllər qulaqdibi tutmuş insanın təkrar bu virusa yoluxma ehtimalı sıfıra bərabərdir. Çox nadir hallarda bir insan iki dəfə qulaqdibiyə yoluxa bilər. Qulaqətrafı şişmədən 24 saat sonra və 3-cü gününə qədər virusun keçmə ehtimalı çox böyükdür".
Qulaqdibinin tamam sağalması 25 günə yaxın bir zaman alır. İnkubasiya dövrü 11-25 gündür. İlk 10-15 günü isə ağır formada özünü göstərir. Əzginlik, aşağı temperatur, ürək bulanması ilə başlayan xəstəlik gün keçdikcə qulaq ətrafının şişməsi ilə davam edir və bu şişmə qulaqda, boyunda ağrılara səbəb olur. Əzələlərin gərilməsi ilə bağlı olaraq çeynəmə də boyuna ağrı verir. Xəstəlik zamanı sulu qidaların qəbul edilməsi ağrının azalmasına səbəb olur.
Pediatr bildirir ki, xəstəlik 10-12 gün davam etdikdən sonra şişlər nisbətən azalmağa başlayır. Baş və boyun ağrıları azalır. Xəstəliyin xüsusi bir müalicəsi də yoxdur: "Qulaqdibi virusa bağlı bir xəstəlikdir. Ona görə dəqiq müalicəsi yoxdur. Baş ağrılarının dayandırılması, yaxud temperaturu aşağı salmaq üçün dərmanların istifadəsi mümkündür. Kamfora yağı sürtülüb yumşaq bağlanmalı və mümkün qədər sulu qidalar verilməlidir. Təmiz havalandırılmış otaqda yataq şəraitində dincələrək virusu tez bir zamanda keçirmək mümkündür".
Qulaqdibi zamanı qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Xəstəyə turş meyvələr, xüsusən limon verilməməidir. Tüpürcək vəzilərinin daha çox işləməsinə səbəb olan turş qidalar ağrının artmasına səbəb olacaq.
Uşaq yaşlarında belə viruslara yoluxmaq gənc yaşlarında yoluxmaqdan daha yaxşıdır. Çünki yaş artdıqca virusun yaratdığı xəstəlik də bir o qədər ağır olur. Bir-birinə oxşayan uşaq infeksiyaları normalda elə də ağır olmur və bitkilərlə edilən müalicəyə daha tez cavab verir.
X.İsayeva virusdan qorunmağın mümkünsüz olduğunu qeyd edir. Onun sözlərinə görə, qorunmağın yeganə yolu qulaqdibi tutmuş insandan mümkün qədər uzaq durmaqdır. Ailədə bir uşaq qulaqdibiyə yoluxursa, qalan uşaqların da yoluxma ehtimalı çox böyükdür: "6 aylığından aşağı olan uşaqlar qulaqdibiyə yoluxmurlar. Nəzərə alsaq ki, uşaq yaşlarında belə xəstəliklər daha rahat keçir, onda uşağı qulaqdibi tutmuş uşaqla təmasdan çəkindirmək lazım deyil. 25 yaşındakı gəncin qulaqdibi ağrısı 5 yaşındakı uşaqla eyni olmaz. Hazırda isə belə xəstəliklərə qarşı peyvəndlər vurulur".

Qeyd edək ki, bu xəstəlik üçüncü dünya ölkələrində hələ də ciddi xəstəliklər sırasındadır. Virus qan yolu ilə hərəkət edir. Bu zaman virusun başqa orqanlara da keçmə ehtimalı var. İltihablanmalara səbəb olan virus beyin pərdəsinə gəldikdə meningitə səbəb ola bilər. Bu zaman baş ağrısı şiddətlənir və qusmalar artır. Həkimə müraciət etmək mütləqdir. İltihablanma böyrəklərdə, qadın yumurtalıqlarında, gözlərdə də meydana çıxa bilər. Hamilə qadınlarda uşaq ölümünə səbəb olma ehtimalı var. Amma bütün bu ehtimallar nadir hallarda meydana çıxır.

 

 

 

 

Mənbə: Milli.Az

27 dekabr 2015
GO BACK