ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 38 yaşlı keçmiş polisMeksikada ölüb. Özünü pis hiss edən Andres Moreno xəstəxanaya aparılarkən yolda keçinib. Onun ölümünə səbəb infarkt və peritonit xəstəliyi göstərilir.
Bir neçə ay bundan əvvəl Morenonun çəkisi 450 kq olub. Amma bu il onun mədəsində əməliyyat aparıldıqdan sonra 100 kq-a yaxın çəki ata bilmişdi.
Bir müddət reabilitasiya kursu keçən Morenonu noyabr ayında kəskin peritonitlə bağlı təcili yenidən əməliyyat etməli olmuşdular. Amma bu əməliyyatdan sonra Andres Morenonun səhhəti yaxşılığa doğru dəyişməyib.
Meksikada çəkisinə görə Ginnesin Rekordlar Kitabına düşən daha bir insan - Manuel Uribe isə ötən ilin mayında 48 yaşında dünyasını dəyişmişdi. Onun ölümünə isə qaraciyər çatışmazlığı səbəb olmuşdu. Manuel Uribe həmin vaxt bütün dünyada 590 kq çəkisi ilə tanınmışdı. Manuel Uribe - 590 kq çəkili Meksikalı
Mayın əvvəlində vəziyyəti ağırlaşan Uribeni qaldırıcı kranın köməkliyi ilə xəstəxanaya aparmışdılar. Burada dietoloqların köməkliyi ilə o 320 kq-a qədər arıqlaya bilmişdi. Hətta çəkisinə baxmayaraq, 2008-ci ildə evlənən Manueli nikah mərasimdən gətirərkən qohumları müvəqqəti olaraq evin divarını sökməli olmuşdular. Amma aparılan müalicələrə baxmayaraq, onun qaraciyərində yaranan problemlərə görə həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən vaxt isə onun çəkisi 394 kq idi. Manuel Uribenin toyu
Göründüyü kimi, oturaq həyat, düzgün qidalanmama, eləcə də stress və digər müxtəlif səbəblərdən yaranan piylənmə və ağır çəki insan həyatının tezliklə sona çatması ilə nəticələnir. Sonradan hətta müəyyən müalicə kursları belə köməyə çata bilmir. Çünki ağır çəki nəticəsində fəaliyyətdən qalan və hər biri əlaqəli şəkildə işləyən daxili orqanlardan birinin sıradan çıxması ilə insan həyatı yarıda qalır. Odur ki, yaşadığı müddətdə insan daim sağlam həyat tərzinə, fiziki aktivliyə üstünlük verib düzgün qidalanmağa çalışmalıdır.
Mənbə: ANS PRESS