Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Rodos adasındakı eyniadlı limana girişdə ucaldılacaq nəhəng abidə orijinaldan 5 dəfə hündür olacaq.
Layihə 250 milyon avroya başa gələcək.
Qədim dövrlərdə olduğu kimi, Koloss şəhər buxtasının girəcəyində olacaq və Rodos limanına yan alan gəmilər bu nəhəngin ayaqlarının arasından keçəcəklər.Müəlliflərin fikrincə, 135 metr yüksəkliyi olacaq qurğu Yunanıstandakı çox ağır maliyyə böhranında milli ruhun dirçəlməsinə təkan verəcək. Bundan başqa, dünyanın 7 möcüzəsi arasında yer almış Rodoslu Kolossun turizm obyekti qismində bərpası ildə 35 milyon avro gəlir verəcək.Nəhəng heykəlin daxilində muzeylər, əyləncə kompleksləri, dükanlar və kitabxana olacaq.Qədim dünyanın 7 möcüzəsindən biri sayılan Rodoslu Kolossun heykəli Günəş tanrısı Heliosu təcəssüm etdirirdi. Rodos sakinlərinin sifarişi ilə memar Hares tərəfindən hazırlanmış nəhəng abidə eramızdan əvvəl 3-cü əsrdə ucaldılmışdı. Onun "ömrü" cəmi 65 il olmuşdu.
Yeni layihənin müəllifi tanınmış memar Ari Pallasdır.
Mənbə: Milli.Az