Qadin.NET / Neft 15 dollara düşəcək? QORXULU PROQNOZ

Neft 15 dollara düşəcək? QORXULU PROQNOZ

 

Neft 15 dollara düşəcək? QORXULU PROQNOZ

"Birja alverçiləri 2016-cı ildə dünya bazarlarında xam neftin qiymətini 1 barel üçün 15 dollaradək aşağı salmaq niyyətindədir".
Dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri Bloomberg dünən belə məlumat yayıb.
Agentlik vurğulayır ki, neft alverçiləri qısamüddətli fyuçers müqavilələrini satın alır və bu minvalla xam neftin ciddi ucuzlaşacağı təqdirdə böyük gəlir əldə etmək istəyirlər. Alverçiləri belə davranışa sövq edən başlıca amil OPEC-in gündəlik hasilat kvotalarını artırmaqla bağlı bu ay qəbul etdiyi qərardır. Təşkilat yeni qərarı rəsmən açıqlamasa da, ərəb mediası, habelə ciddi xəbər agentliklərin məlumatlarına görə, sutkalıq hasilatı 30 milyon bareldən 31,5 milyon barelədək artırmaq nəzərdə tutulub.Digər mənfi amil ABŞ-ın və Avropa Birliyinin uzun illərdən bəri tətbiq etdiyi sanksiyalar çəmbərindən qurtulmaqda olan İranın neft bazarına çıxışıdır. Rəsmi Tehran bazara çox böyük həcmdə "qara qızıl" çıxara bilər.
Üçüncü amil isə bir sıra ölkələrdə, o cümlədən Nigeriya, Venesuela, Meksika və Rusiyada hasilat həcmlərinin artırılmasına hazırlıqdır.
"Goldman Sachs" investisiya bankı hesab edir ki, gələn il də dünya bazarlarında xam neftlə bağlı təklif tələbatdan xeyli artıq olacaq və sonucda "qara qızıl"ın qiyməti 1 barel üçün 20 dollara düşəcək.
Nyu-York Xammal Birjasında indi bağlanan bəzi müqavilələrdə 2016-cı ilin dekabrında neftin qiyməti 20 dollar səviyyəsindədir. Artıq 640 min barel məhz bu qiymətdən satılıb.
Halbuki, dünən OPEC bəyanatında bildirmişdi ki, hesablamalarına görə, xam neftin qiyməti 2040-cı ilədək 160 dollaradək artacaq.
OPEC bu ayın əvvəlində hasilat kvotalarını artırmaq qərarına gələndən sonra dünya bazarlarında neft daha da ucuzlaşıb. Kartelin özünün "neft zənbili" 38,03 dollardan 30,74 dollardək "Brent" markalı neft isə 43,5 dollardan 36,14 dollara qədər ucuzlaşıb.
Neft qiymətlərinin ucuzlaşmasının ilk qurbanı elə OPEC oldu. Təşkilat ötən ilin əvvəllərindən bəri çalxalanır, bir sutkada çıxarılan neftin kvotaları ilə bağlı üzv ölkələr arasında razılıq yoxdur.Təşkilat üzvü olan ölkələrin bir qismi hasilat həcmlərini yüksək səviyyədə saxlayaraq izafi tələbatı qorumaq istəyir, yerdə qalanları isə hasilatı azaltmaq və bu minvalla qiymətləri qaldırmaq, beləcə "qara qızıl" satışından büdcəyə axan pulları çoxaltmağa can atırlar.
Ən çox uduzanlar Rusiya, Venesuela, Əlcəzair və Nigeriyadır. Adlarını çəkdiyimiz ölkələrin hər birinin neftin ucuzlaşması nəticəsində məruz qaldığı itkiləri dəyərləndirmək üçün büdcənin neft pullarından asılılığı ilə yanaşı, dövlətin geosiyasi çəkisini də nəzərə almalıyıq.
Əsas məsələlər neft satışından əldə olunan gəlirlərin ümumi məbləği, neft satışlarının ixracatdakı payı və itkilər maksimumudur. Yəni bu maksimum büdcə xərcləri ilə bağlı dövlətin öhdəliklərini yerinə yetirmək üçün minimum hədd sayılır.

 

Mənbə: Milli.Az

25 dekabr 2015
GO BACK